BAKI, 11 noyabr. TELEQRAF
"Korrupsiyaya qarşı effektiv mübarizəni təmin etmək üçün biz ilk növbədə hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində, ədliyyə sistemində çalışanların əməkhaqqısını artırmalıyıq. Əlbəttə, dövlət qulluqçularının əməkhaqqısı artırıldı və bu, müsbət addım kimi qiymətləndirilməlidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deputat Qüdrət Həsənquliyev deyib.
O qeyd edib ki, hazırda hakimlərin bir çoxu öz maaşının bir hissəsini texniki işçilərə, köməkçilərə verirlər: "Hakimlərin də əməkhaqqının artırılmasına ehtiyac var. Polis əməkdaşlarının, ədliyyə işçilərinin, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının, yəni, dövlət qulluqçusu olmayan kateqoriyadan olan şəxslərin əməkhaqlarını artırmaq lazımdır. Məsələn, ali təhsilli polis zabiti 700-800 manat maaş alır. Bu, indiki xərclər və indiki xidmətlərin artımı qarşılığında çox azdır".