BAKI, 11 noyabr. TELEQRAF
"Müdafiə və təhlükəsizlik məsələlərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas strateji istiqamətlərindən biri kimi yanaşılmalıdır. Son illərdə Azərbaycan ordusunun modernləşdirilməsi, hərbi potensialın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların tətbiqi və hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən olub".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında parlamentin komitə sədri Arzu Nağıyev deyib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin bərpası Azərbaycanın hərbi və siyasi tarixində mühüm mərhələdir: "Lakin hərbi uğurların qorunması və gələcək təhlükəsizlik çağırışlarına hazır olmaq davamlı iş tələb edir. Bu baxımdan, Prezident İlham Əliyevin müəyyən etdiyi müdafiə siyasətinin əsas istiqamətlərini bir neçə mühüm məsələ üzrə xarakterizə etmək olar. Birincisi, müasir və peşəkar ordu quruculuğunun davam etdirilməsidir. İkincisi, ordunun ən müasir silah və texnologiyalarla təchiz edilməsi, pilotsuz sistemlər, elektron müharibə vasitələri, kəşfiyyat və rəqəmsal idarəetmə imkanlarının inkişaf etdirilməsdir. Həmçinin, üçüncüsü, yerli müdafiə sənayesinin gücləndirilməsi və xarici təchizatdan asılılığın mərhələli şəkildə azaldılması, dövlət sərhədlərinin etibarlı qorunması və milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və hərbi qulluqçuların, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin diqqət mərkəzində saxlanılmasıdır. Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız ənənəvi hərbi güclə ölçülmür. Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması, iqtisadi təhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizliyin ayrılmaz hissəsidir.
Ona görə də gələcək illərdə müdafiə və təhlükəsizlik sahəsində büdcə vəsaitlərinin planlaşdırılması zamanı bu istiqamətlərin də nəzərə alınması vacibdir”.
Komitə sədri bildirib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı xüsusi diqqət yetirilməli olan əsas istiqamətlərdən biri müdafiə və milli təhlükəsizlik məsələləridir: “Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş suverenliyin, ərazi bütövlüyünün, milli təhlükəsizliyin və regional mövqelərin etibarlı şəkildə qorunmasıdır. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, regionumuzda təhlükəsizlik çağırışlarının davam etdiyi bir şəraitdə güclü dövlət olmaq, güclü orduya malik olmaq və təhlükəsizlik sistemini daim təkmilləşdirmək strateji zərurətdir.
2027-ci ilin dövlət büdcəsi layihəsi də bu reallıqları nəzərə alan maliyyə sənədidir.
İlk növbədə, ümumi büdcə göstəricilərinə diqqət yetirək. Layihəyə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.
Bu büdcədə ən mühüm istiqamətlərdən biri müdafiə və milli təhlükəsizlikdir. Həmin sahəyə ümumilikdə 8 milyard 816 milyon 401 min manat vəsait ayrılması planlaşdırılır.
Müqayisə üçün qeyd edim ki, 2026-cı ildə bu istiqamət üzrə təsdiq edilmiş xərclər təxminən 8 milyard 717 milyon manat təşkil edib. Beləliklə, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin təxminən 98,8 milyon manat, yaxud 1,1 faiz artırılması nəzərdə tutulur. İlk baxışdan 1,1 faizlik artım böyük rəqəm kimi görünməyə bilər. Lakin burada əsas məsələ yalnız faiz göstəricisi deyil, ayrılan vəsaitlərin hansı istiqamətlərə yönəldilməsi, onların nə dərəcədə səmərəli istifadə olunması və ölkənin müdafiə qabiliyyətinə hansı töhfəni verməsidir.
Hesab edirəm ki, müdafiə büdcəsinə yanaşarkən kəmiyyətlə yanaşı keyfiyyət göstəricilərinə də xüsusi diqqət yetirməliyik. 2027-ci il büdcə layihəsində müdafiə və milli təhlükəsizlik xərclərinin bölgüsü də diqqətəlayiqdir. Belə ki, müdafiə qüvvələri üzrə 3 milyard 369,6 milyon manat, milli təhlükəsizlik üzrə 479,2 milyon manat, sərhəd xidməti üzrə 554 milyon manata yaxın, müdafiə və milli təhlükəsizlik sahəsinə aid digər fəaliyyətlər üzrə 4 milyard 413,7 milyon manat vəsait nəzərdə tutulur.
Bundan əlavə, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 4 milyard manat ayrılması planlaşdırılır”.
Arzu Nağıyev vurğulayıb ki, 2027-ci ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 3 438,6 milyon manat vəsait yönəldiləcəkdir:
“Bu da 2026-cı illə müqayisədə 102,3 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 518,3 milyon manat və ya 17,7 faiz çoxdur.
Müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə və hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2027-ci ilin dövlət büdcəsində nəzərə alınmışdır.
2027-ci ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15,0 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün isə 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur.
2027-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 443,7 milyon manat təşkil edəcəkdir.
Həmin vəsaitin 20,6 milyon manatı və ya 4,6 faizi müdafiə və milli təhlükəsizlik xərclərinin, 423,1 milyon manatı və ya 95,4 faizi isə məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinin payına düşür.
Bu rəqəmlər göstərir ki, dövlətimizin təhlükəsizlik siyasəti yalnız silahlı qüvvələrin saxlanılması ilə məhdudlaşmır. Buraya milli təhlükəsizlik, sərhədlərin qorunması, xüsusi müdafiə layihələri və digər strateji tədbirlər də daxildir.
Digər tərəfdən, diqqətə çatdırmaq istərdim ki, 2027-ci ildə müdafiə qüvvələri üzrə xərclərin 2026-cı illə müqayisədə təxminən 11,2 faiz artırılması nəzərdə tutulur. Bu, ümumi müdafiə və təhlükəsizlik xərclərinin 1,1 faizlik artımından fərqli olaraq, struktur daxilində daha ciddi artımdır.
Bu məqam büdcə siyasətinin təhlili baxımından xüsusi əhəmiyyət daşıyır”.