TOVUZ, 11 noyabr. TELEQRAF

“Turan Tovuz” futbol klubunun vitse-prezidenti Həsən Zeynalov Teleqraf-a müsahibə verib.

O, bir müddətdir klubun hazırkı prezidenti Ehtiram Quliyevin vəzifəsindən ayrılması və özünün bu posta təyin olunması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Müsahibəni təqdim edirik:

– Son dönəmlər iddialar var ki, siz “Turan Tovuz” klubunu almısınız və hazırkı prezident sizsiniz. Bu iddiaları təkzib etmədiniz. Bəs məsələyə münasibətiniz necədir?

– Bu iddiaları təkzib etməmişik, çünki buna imkanımız olmayıb. Elə bir şərait yaranmayıb ki, onu təkzib və ya təsdiq edək. Bu xəbəri yoldaşlar mənə göndərmişdi. Görəndə sadəcə güldüm. Başa düşmədim ki, bu necə ola bilər, mən “Turan Tovuz”u almışam, Ehtiram Quliyev mənim işçimdir? Belə bir şey yoxdur. Məni ora Ehtiram Quliyev təyin edib. Mən seçilməmişəm, şəxsən Ehtiram müəllim özü məni “Turan Tovuz”a gətirib. Həm mən, həm də “Turan Tovuz” futbol klubu mediaya açığıq.

– “Turan Tovuz” çempionluğa namizəd “Sabah” və “Qarabağ”ı məğlub etdi, digər namizəd “Neftçi” ilə heç-heçə etdi. Bu nəticələrlə bağlı fikirləriniz maraqlıdır.

– Komandanın və baş məşqçinin nəyə qadir olduğunu bilirəm. Bizim baş məşqçinin yaşı çoxdur, bir az mediaya bağlı adamdır, bir az da dil baryeri var deyə bəzi fikirlər yazılır. Amma onun haqqında deyilən mənfi fikirlərin heç biri həqiqətə uyğun deyil. Bunu nə məqsədlə yazırlar, artıq bizim üçün maraqlı da deyil. Əvvəl maraqlı idi, amma görürəm ki, bu, silsilə şəkildə davam edir.

– Ehtiram Quliyev bir müddət öncə açıqlamasında bildirmişdi ki, yaxın müddətdə “Turan Tovuz”da İdarə Heyətinin iclası olacaq. Sözügedən iclas baş tutub?

– İdarə Heyətinin iclası olmalı idi. Sadəcə olaraq, bütün oyunlarda bir arada olduğumuz üçün onu ayaqüstü keçirdik. Şükür ki, hər şey qaydasındadır, nəticələrimiz də gələcək.

– Hansı qərarlar qəbul olundu?

– Nəsə dəyişmirsə, deməli, hər şey olduğu kimi qalıb. Ehtiram Quliyev yenə klubun prezidentidir, mən də Ehtiram müəllimə orada kömək etməyə can-başla hazıram.

– “Turan Tovuz” nə zaman əsas heyətdə heç olmasa bir azərbaycanlı futbolçuya şans verəcək?

– Komandamızda yerli oyunçularımız var, sadəcə, aralarında rəqabət güclü deyil. Mən Azərbaycan futbolunun azarkeşi olaraq çox istəyirəm ki, nə qədər çox azərbaycanlı varsa, onlar oynasınlar. Amma bu, rəqabətdir. Oyun zamanı futbolçunun kimliyi, milliyyəti fərq etmir.

– Rəqabəti gücləndirmək üçün komandaya daha güclü azərbaycanlı futbolçu transfer etmək olmazmı?

– Yay transfer dönəmində çox çalışdıq. Açıq desəm, bu yay Azərbaycanın sayılıb-seçilən oyunçuları ilə şəxsən özüm görüşmüşəm. Çalışdıq, alınmadı. İnşallah, gələcəkdə alınar.

– Baş məşqçi Kurban Berdıyevin qarşısına xüsusi məqsəd qoyulubmu ki, mövsümün sonunda ona nail olunmasa, yollar ayrılacaq?

– Baş məşqçi ilə mövsümün əvvəlində rəhbərlik olaraq söhbət etmişik. Kurban Berdıyev öz tapşırığını çox yaxşı bilir, biz də öz verdiyimiz tapşırığı yaxşı bilirik. Sonda nəticələrə baxılacaq: nə, nəyə görə oldu, necə oldu ki, bu xalları yığa bilmədik, uduzduq? Bu səbəblər araşdırılacaq. Təkcə bu, Kurban Berdıyevin taktiki planı ilə bağlı olmaya, başqa səbəblər də ola bilər. Onların hamısını diqqətdən keçirdikdən sonra belə bir qərar verilə bilər ki, müqavilə uzadılsın, yaxud pozulsun.

– “Turan Tovuz” sanki güclü rəqiblərlə çox yaxşı oynayır, zəiflərlə isə bacarmır. Bu, sizi narahat edirmi?

– Bu, keçmişdən qaynaqlanan problemimizdir, təkcə bu il belə deyil. Keçən il də belə idi. Nəinki məni, bütün “Turan” sevənləri, azarkeşləri və rəhbərliyi narahat edir. Güclü rəqiblərlə güclü mübarizə aparırıq, amma zəif rəqiblərlə bəzən nəsə alınmır. Motivasiya çatışmazlığı olur, yoxsa nədir, başa düşmürəm. Oyunçuları tanıdığım üçün bilirəm ki, bizdə kiməsə yuxarıdan aşağı baxan futbolçu yoxdur. Oyundur, biri udur, biri uduzur. “Sabah” və “Qarabağ”la oyunda “Turan Tovuz”un uduzmasını gözləyən çox adam vardı. Amma “Turan Tovuz” onları məğlub etdi. Onda nə etsinlər? Həmişə bir tərəf narazı qalır, bir tərəf razı.

– Azarkeşlər bəzən baş məşqçidən istədikləri oyunu görə bilmirlər və buna etirazını bildirirlər. Rəhbərlik olaraq baş məşqçi ilə bu barədə söhbətiniz, hər hansı tələbiniz olur?

– Heç bir halda baş məşqçinin işinə qarışmırıq. Bu, onun işinə qarışmaqdan uzaq bir şeydir. Əgər baş məşqçinin işinə qarışacağıqsa, onda baş məşqçi niyə var? Özümüz idarə edərdik. Nəticə olmayanda, bilirsiniz, biz də əsəbiləşirik, çox şey deyə bilərik, azarkeşlərin də əsəbləri gərgin olur. Amma nəticələr düzəldikcə adam baxır ki, sadəcə, əsəbdən emosiyaya qapılmısan, vəssalam.