BAKI, 20 oktyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas Rusiyaya təzyiqin artırılmasına və Qara dənizdə gəmiçilik azadlığının təmin edilməsinə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib.

“Rusiya Ukraynada döyüş meydanında qalib gəlmir. Bunun əvəzinə, Putin açıq şəkildə mülki şəxsləri hədəf alır və Avropanın digər bölgələrində hibrid hücumları gücləndirir. Qara dənizdə hücumların intensivləşməsi xüsusi diqqətə layiqdir”, - o vurğulayıb.

Kallas qeyd edib ki, son vaxtlar Rusiyaya məxsus dronların Aİ-yə üzv ölkələrin hava məkanında görünməsi və Rumıniya sahilləri yaxınlığında mülki tankerlərə hücumlar təhlükəli və qəbuledilməz eskalasiyadır.

Aİ-nin ali nümayəndəsinin sözlərinə görə, liman və kənd təsərrüfatı infrastrukturuna sistemli zərbələr nəticəsində Ukrayna gündəlik təxminən 60 milyon avro ixrac gəlirini itirir.

Kaya Kallas Ukraynanın qlobal ərzaq təhlükəsizliyində mühüm rolunu xatırladaraq bildirib ki, Rusiyanın addımları Afrika, Asiya və Yaxın Şərq ölkələrinə taxıl tədarükünü təhlükə altına alır.

O söyləyib ki, Avropa İttifaqı bu təhdidlərə qarşı müxtəlif istiqamətdə işlər görür: “Qara dənizlə bağlı razılaşma insanların həyatını və həyati əhəmiyyətli təchizatı qoruyardı. Ukrayna belə bir saziş təklif etsə də, Rusiya bunu rədd edib. Məhz buna görə diplomatik səylər Moskva üzərində davamlı təzyiqlə və Ukraynaya dəstəklə paralel aparılmalıdır”.

Avropa İttifaqının ali nümayəndəsi qlobal ərzaq təhlükəsizliyi baxımından Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb edib.