BAKI, 19 oktyabr. TELEQRAF

Fransa Baş naziri Sebastyan Lekornyu iğtişaşlar fonunda bir neçə bölgədə komendant saatının tətbiq edilməsi barədə departament prefektlərinə tapşırıq verib.

Teleqraf xəbər verir ki, hökumət başçısı bu barədə iğtişaşlarla əlaqədar böhran qərargahının iclasından sonra bildirib.

“Bu axşam bir sıra ərazilərdə komendant saatının tətbiq olunmasını prefektlərdən xahiş etdim. Söhbət qismən komendant saatından gedir”, - Lekornyu vurğulayıb.

Oktyabrın 17-də Parisdə və Fransanın bütün ərazisində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq qiymətləndirib.

Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nunes hakimiyyətin talan və qarətlərdə iştirak edən bütün şəxslərin təqibini davam etdirəcəyini vəd edib.