BAKI, 19 oktyabr. TELEQRAF

Albaniya Baş naziri Edi Rama istefa verməkdən imtina edərək, altı günlük etirazların onun hökumətini deyil, ölkənin Avropa İttifaqına üzvlük perspektivlərini təhdid etdiyini bildirib. Reuters xəbər verir.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tələbələrin rəhbərlik etdiyi etirazlar hökumətdəki korrupsiya iddialarına, iş yeri çatışmazlığına və təhsilin aşağı keyfiyyətinə qarşı narazılıq fonunda başlayıb. Hərəkat paytaxt Tiranadan digər şəhərlərə də yayılaraq, genişmiqyaslı hakimiyyət əleyhinə etirazlara çevrilib.

Bazar günü minlərlə etirazçı Təhsil Nazirliyinin binası qarşısında toplaşaraq polisləri daşa basıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrlə cavab veriblər. Etirazçılar həmçinin dövlət binalarına od vurub, banklara hücum edib və mağazaların vitrinlərini sındırıblar.

“Albaniyalılar düşünməlidir: onlar bütün bunları istəyirlər, yoxsa Avropa İttifaqına üzv olmağı?”, - Rama bildirib və tələbələri dialoqa çağırıb.

Edi Rama 2013-cü ildən ölkəyə rəhbərlik edir və ötən il dördüncü müddətə seçilmək üçün keçirilən seçkilərdə qələbə qazanıb.

Avropa Komissiyası Tirana və digər şəhərlərdə zorakılıq hallarını pisləyib. Bununla yanaşı, hakimiyyət orqanlarının dinc etiraz hüququnu qorumağa hazır olmasını alqışlayıb.

Polisin məlumatına görə, etirazlar zamanı hüquqpozmalarında ittiham olunan 388 nəfər barəsində araşdırma aparılır. Onlarla polis əməkdaşı və etirazçı yaralanıb.

Albaniya 2030-cu ilədək Avropa İttifaqına üzv olmağı hədəfləyir.