BAKI, 19 oktyabr. TELEQRAF
Rusiya Ukraynada işğalçı müharibəni dayandırana qədər Avropa İttifaqı Moskvaya qarşı heç bir sanksiyanı ləğv etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo bildirib.
ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin nizamlanması çərçivəsində Rusiya qazının alınması təklifini Aİ ilə müzakirə edib-etmədiyi və Avropa Komissiyasının Rusiya qazının idxalına qayıdışı qəti şəkildə rədd edib-etmədiyi barədə suala cavab verən sözçü bildirib:
“Biz öz mövqeyimizdə qalırıq. Bir daha xatırladım ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ötən həftə mövqeyimizi açıq şəkildə ifadə edərək, Rusiya müharibəni dayandırana qədər heç bir sanksiyanı ləğv etməyəcəyimizi təsdiqləyib. Mövqeyimiz tamamilə aydındır”.