BAKI, 19 oktyabr. TELEQRAF

“Sarı jiletlilər” Hərəkatı Fransada yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq yeni aksiyalar keçirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın saytında yayılan məlumatda bildirilib.

Aksiya təşkilatçıları Fransa Prezidenti Emmanuel Makronun istefasına da çağırış ediblər.

Oktyabrın 17-də Parisdə və Fransanın bütün ərazisində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq qiymətləndirib.

Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nunes hakimiyyətin talan və qarətlərdə iştirak edən bütün şəxslərin təqibini davam etdirəcəyini vəd edib.

Xatırladaq ki, “Sarı jiletlilər” 2018-ci ilin sonunda Fransada meydana çıxmış, bəlli lideri olmayan spontan etiraz hərəkatıdır.

Hərəkat iştirakçıların özlərini tanıtmaq və bu hərəkata mənsub olduqlarını göstərmək üçün istifadə etdikləri işıq əks etdirən sarı jiletlərin adı ilə adlandırılıb. Etirazların ilkin səbəbi Prezident Emmanuel Makronun əsasən dizel yanacağına tətbiq olunan karbon vergisini artırmaq niyyəti olub. Sonradan iştirakçıların tələbləri genişlənərək müxtəlif sosial-iqtisadi məsələləri əhatə edib.

Hərəkat qısa müddətdə kütləviləşib və bütün ölkəyə yayılıb. Müxalif siyasi partiyaların və siyasi hərəkatların bir sıra liderləri ona açıq dəstək veriblər. Bu şəxslər arasında solçu siyasətçilər Jan-Lük Melanşon və Olivye Bezansno, mərkəzçi Jan Lassal, eləcə də sağçı siyasətçilər Loran Vokye və Marin Le Pen yer alıblar.