BAKI, 11 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin 1659 gündür Ukraynaya qarşı davam edən müharibəni bir-iki həftəyə başa çatdırmağı planlaşdırdığı bildirilir. Rusiya liderinin bəyan etdiyi məqsədlərə nail olmaq üçün çox az vaxtı və variantı qala bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ hərbi kəşfiyyatının istefada olan zabiti Conatan Svift və milli təhlükəsizlik üzrə ekspert Mark Tot “The Hill” üçün yazdıqları köşə yazısında deyib.
Məqalə müəllifləri mümkün proseslə əlaqədar Rusiya üçün üç ssenariyə diqqət çəkiblər.
Birinci ssenari - Trampla razılaşmaq
Müəlliflər Putinin qarşısında duran ən az radikal variant kimi hazırkı kursu davam etdirməsini və ABŞ Prezidenti Donald Trampı Ukraynanı Rusiyanın şərtləri ilə sülhə getməyə məcbur etməyə inandırmağa çalışmasını göstərirlər. Hələ fevral ayında Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-yə 14 trilyon dollar dəyərində birgə layihə təklif etmişdi. Bu layihənin Ukrayna ilə sülh sazişindən və Qərbin sanksiyalarının ləğvindən asılı olduğu deyilirdi. Rusiyanın şərtləri ilə sülhə nail olmaq üçün Ukrayna Prezidenti Volodimir Zelenskinin Donbasın Rusiyaya verilməsinə razılıq verməsi də lazımdır. Müəlliflər hesab edirlər ki, Tramp belə bir addım ata bilməz.
İkinci ssenari - NATO və Avropaya təzyiq
İkinci ssenari NATO və Avropa İttifaqına təzyiq göstərərək onları Ukraynaya dəstəyi dayandırmağa məcbur etməyi nəzərdə tutur. Kreml bunun üçün artıq hibrid müharibədən, hərbi güc nümayişindən və Ukraynaya silah və texnologiya ilə yardım edən ölkələrə qarşı təhdidlərdən istifadə edir.
Bu yaxınlarda Belarusda “Oreşnik” ortamənzilli ballistik raket sistemləri ilə təchiz edilmiş 101-ci raket briqadası yerləşdirilib.
Rusiya Berlini Almaniyadakı hərbi istehsal obyektlərinə zərbələr endirməklə hədələyib. Rusiyanın növbəti hədəfinin ünvanı Britaniya olub. Kreml Norveçin Rusiya sərhədi yaxınlığında hərbi mövcudluğunu genişləndirməsi ilə əlaqədar mümkün tədbirlər barədə bəyanat verib.
Üçüncü ssenari – Hücumu davam etdirmək
Müəlliflər ən təhlükəli ssenari kimi uğursuz yay hücumundan sonra Rusiyanın payızda hücumu davam etdirməsini göstərirlər. Moskva bundan sonra qışdan silah kimi istifadə edə, Ukraynanın kritik infrastrukturunu hədəfə alaraq ölkə əhalisini istiliksiz qoymağa çalışa bilər.
Kreml üçün ayrıca problem Rusiya ordusunun itkiləridir. Məqalə müəllifləri hesab edirlər ki, Rusiya Dövlət Dumasına seçkilərdən sonra 600 minədək hərbçini səfərbər etməyə məcbur qala bilər.
Digər yandan, Rusiya generalları Donbasın ələ keçirilməsi müddətini dəfələrlə təxirə salıblar. Son söhbət Yeni ildən gedirdisə, indi isə tarix 31 mart 2027-ci il kimi göstərilir. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu Rusiya ordusunun hazırkı irəliləyiş tempini nəzərə alaraq, prosesin 2032-ci ilə qədər davam edə biləcəyini iddia edir.
Putin üçün daha bir - ən az ehtimal olunan variant kimi “qələbə” elan etmək, Ukraynanın bombalanmasını dayandırmaq və Rusiya qoşunlarını 2022-ci ilin fevralında mövcud olan sərhədə qədər geri çəkmək göstərilir.
Müəlliflərin fikrincə, Trampın komandası başa düşməlidir ki, Putin sülhdən danışarkən Ukraynanın bir dövlət kimi məhv edilməsini nəzərdə tutur.
Rusiya liderinin müharibənin dayandırılması tələbləri dəyişməyib. Həmin tələblərə Ukrayna qoşunlarının Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən, o cümlədən Rusiya ordusunun nəzarət etmədiyi digər ərazilərdən tamamilə çıxarılması, Ukraynanın demilitarizasiyası və denasifikasiyası və NATO-ya üzvlükdən imtina etməsi daxildir.