BAKI, 8 sentyabr. TELEQRAF
Bosniya və Herseqovinanın xarici işlər naziri Elmədin Konakoviç Serbiyanın hərbi attaşesinin və xüsusi xidmət orqanının nümayəndəsinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Bu gün Serbiya səfirliyinin hərbi attaşesi Milan Dulanoviçi və Serbiyanın Təhlükəsizlik və İnformasiya Xidmətinin nümayəndəsi Danko Maksimoviçi “arzuolunmaz şəxs” elan etmək qərarına gəldim. Onların Bosniya və Herseqovinanı tərk etmələri üçün 48 saat vaxtları var”, - nazir bildirib.
Elmədin Konakoviç bundan əvvəl Serbiya rəsmilərinin Bosniya serblərinin keçmiş ordu komandanı general Ratko Mladiçin dəfn mərasimində iştirakına sərt etiraz etmişdi.
Xatırladaq ki, Ratko Mladiç avqustun 27-də Haaqa həbsxanasında 84 yaşında vəfat edib. Cənazəsi sentyabrın 3-də Belqrada gətirilən general sentyabrın 7-də dəfn olunub.
“Bosniya qəssabı” ləqəbli Ratko Mladiç Bosniya müharibəsi (1992-1995) zamanı separatçı serb ordusunun - VRS-in Baş Qərargah rəisi və əsas hərbi komandanı olub. O, bu vəzifədə 1992-ci ildən 1996-cı ilə qədər fəaliyyət göstərib. Xüsusilə Srebrenitsa soyqırımı, Sarayevonun uzunmüddətli mühasirəsi və Bosniya müharibəsi zamanı serb qüvvələrinin həyata keçirdiyi digər ağır cinayətlərin iştirakçısı olub.
1995-ci ilin iyulunda separatçı serb qüvvələri Srebrenitsanı ələ keçirdikdən sonra minlərlə bosniyalı müsəlman öldürülüb, çoxlu sayda insan köçə məcbur edilib. Beynəlxalq Cinayətlər Məhkəməsi Mladiçi bu hadisələrdəki məsuliyyətinə görə soyqırımında təqsirli bilib.
Ratko Mladiç uzun illər gizlənsə də, 2011-ci ildə Serbiyada həbs olunub və Beynəlxalq Cinayətlər Tribunalına təhvil verilib.
2017-ci ildə Haaqa Tribunalı onu soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, müharibə qanunlarının və adətlərinin pozulmasında təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.