BAKI, 11 sentyabr. TELEQRAF
2026-cı ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda 162,7 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çox yük daşınıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 63,4 faizi avtomobil, 25,3 faizi boru kəməri, 7,5 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı ilə daşınıb.
Daşınan sərnişinlərin sayı 1491,1 milyon nəfər və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çox olub. Sərnişinlərin 89,8 faizi avtomobil nəqliyyatı, 9,5 faizi metro, 0,7 faizi isə digər nəqliyyat növləri ilə daşınıb.
Komitənin məlumatına görə, hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı sahəsində 10931,9 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,7 faiz çox xidmət göstərilib. Xidmətlərin 6495,8 milyon manatı (59,4 faizi) yük daşınması, 3071,5 milyon manatı (28,1 faizi) sərnişin daşınması, 1364,6 milyon manatı (12,5 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşür.