BAKI, 9 sentyabr. TELEQRAF
Ukrayna-Moldova sərhədində yerləşən “Starokozaçe” keçid məntəqəsi Rusiya dron zərbələri səbəbindən fəaliyyətini dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidməti məlumat yayıb.
Rusiya ordusu gecə saatlarında sözügedən sərhəd-keçid məntəqəsinə hava zərbələri endirib.
Məntəqənin infrastrukturu və ona bitişik əraziyə ziyan dəyib, yanğın baş verib. Mülki əhali arasında ölən və yaralananlar var. Bu istiqamətdə insanların və nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hücum zamanı keçid məntəqəsinin yaxınlığında olan mülki şəxslər arasında ölənlər var. İlkin məlumata görə, 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Daha 16 nəfər xilasedicilər tərəfindən avtobuslarla təhlükəsiz məsafəyə təxliyə edilib.