BAKI, 11 sentyabr. TELEQRAF

“Bu ölkədə təqsirsizlik prezumpsiyasından Qaqik Xaçaturyan, Robert Köçəryan, Serj Sarkisyan, Qaqik Sarukyan və onlar kimiləri istifadə edirlər. Gedib baxaq görək, hansısa məzlum bir insanla da eyni cür davranırlarmı?”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan həbs edilmiş keçmiş maliyyə naziri Qaqik Xaçaturyanın səhhəti ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.

“Siyasi məsuliyyət ondan ibarətdir ki, Qaqik Xaçaturyan azadlığa çıxanda hüquqi proseslər baxımından simulyasiyaya ehtiyac qalmasın. O zaman nəinki yeriyəcək, hətta qaçacaq. Qaçaraq gedib baxmalıdır ki, pensiyası hesabına yatıb, ya yox. Eyni şey Robert Köçəryana da aiddir. Bu adamlar (Robert Köçəryanın turnikdəki hərəkətlərini nəzərdə tutur – red.) bir ay əvvəl turnikdə fırlanırdılar, ittihamı görən kimi “ölümcül xəstə”yə çevrilirlər. Bu nə məntiqdir? “Ölümcül xəstə” idilərsə, seçkilər zamanı deyərdilər də, “ölümcül xəstəyik”, - Paşinyan qeyd edib.