BAKI, 11 sentyabr. TELEQRAF
Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, xüsusilə magistr və doktorantura təhsili ilə bağlı məsələlər nəzərə alınmaqla, ali təhsil haqqında qanuna yenidən baxılmasının vaxtı çatıb.
“Ali təhsil haqqında qanuna yenidən baxmağımızın zamanı gəlib. Ya dəyişiklik formasında, ya da yeni qanun formasında”, – deyə deputat bildirib.
Vasif Qafarov magistratura təhsilində peşə və tədqiqat istiqamətlərinin fərqləndirilməsinin vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, dünya təcrübəsində magistr təhsili artıq iki istiqamət üzrə həyata keçirilir və peşə istiqaməti üzrə magistratura bir il, tədqiqat istiqaməti üzrə isə iki il davam edə bilər.
O bildirib ki, tədqiqat istiqamətində təhsil alan magistrlər magistr dissertasiyası müdafiə edir, peşə istiqamətində təhsil alanlar isə dissertasiya müdafiə etmir, birbaşa dərslərdə iştirak edir, imtahan verərək müvafiq dərəcə əldə edirlər.
Deputat Azərbaycanda magistratura üzrə plan yerlərinin müəyyənləşdirilməsi məsələsinə də yenidən baxılmasının vacib olduğunu deyib.
“Bizdə magistr təhsilində bu qədər plan yerinin müəyyənləşdirilməsinə birinci növbədə ehtiyac yoxdur. Çünki tələb ilə təklif arasında balans pozulub”, – deyə o vurğulayıb.
Vasif Qafarov qeyd edib ki, Azərbaycanda magistratura təhsili ilə bağlı müraciət edənlərin sayı plan yerlərinin sayından 3-4 min nəfər azdır. Onun sözlərinə görə, bu il də təxminən 3-4 min plan yeri boş qalıb.
Deputat bildirib ki, bir sıra universitetlərdə eyni ixtisaslar üzrə magistratura plan yerləri müəyyənləşdirilib. Lakin həmin ali təhsil müəssisələrinin bəzilərində magistr hazırlığı aparmaq və magistrantlara dərs demək üçün kifayət qədər pedaqoji heyət yoxdur.
Onun sözlərinə görə, bəzi universitetlərdə elmi dərəcəsi olmayan müəllimlərin magistrantlara dərs deməsi hallarına da rast gəlinir.
“Kifayət qədər universitetlərimizdə, xüsusilə də özəl universitetlərdə elmi dərəcəli kadrların sayı yetərli qədər deyil. Bu balans da pozulub. Bəzi hallarda professorlar və elmlər doktorları magistr hazırlığında iştirak edir və dərs deyirlər. Bununla yanaşı, elmi dərəcəsi olmayan müəllimlərin də magistr hazırlığında dərs deməsi halları mövcuddur. İkipilləli doktorantura sistemi məsələsinin də yenidən nəzərdən keçirilməsinin zamanın tələbi olduğunu bildirib.
Azərbaycan Avropa təhsil sisteminə inteqrasiya edir, bakalavr və magistratura təhsilini qəbul edib, eyni zamanda Sovet dövründən qalan ikipilləli doktorantura sistemini də saxlayır.
Biz həm Avropa təhsil sisteminə inteqrasiya edirik, bakalavr, magistr təhsilini qəbul etmişik, eyni zamanda Sovetdən qalma ikipilləli doktoranturanı da saxlamışıq. Elm və təhsil idarələrinə bu məsələnin dəyişdirilməsi ilə bağlı kifayət qədər müraciətlər daxil olur və bununla bağlı ictimai tələbin formalaşdığı müşahidə edilir. İkipilləli doktorantura sisteminin ləğv edilərək dünya standartlarına keçilməsi məsələsinə baxılması məqsədəuyğundur.
Elm və təhsil idarələrində kifayət qədər müraciətlər var, sanki bir ictimai tələb var ki, bu ikipilləli doktorantura ləğv olunmalıdır, biz dünya standartına keçməliyik”, – deyə deputat vurğulayıb.
İkipilləli doktorantura məsələsinə növbəti sessiyada və ya sonrakı sessiyada baxılacaq.
Vasif Qafarov ümumilikdə təhsil sahəsində mövcud məsələlərin kompleks şəkildə nəzərə alınması üçün yeni qanunun hazırlanmasının zəruri olduğunu deyib: “Yeni bir təhsil qanununa ehtiyac var ki, indiki dövrə qədər səsləndirilən və qaldırılan, haqlı görünən məsələlərin hamısını yeni təhsil qanununda nəzərə alaq”.