BAKI, 11 sentyabr. TELEQRAF
Ermənistan hökuməti bu gün keçirilən iclasında Ermənistan və Polşanın Müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin ratifikasiyası barədə qanun layihəsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, qanun layihəsi iclasda ictimai müzakirəyə çıxarılmayan sənədlər paketinə daxil edilib və hökumətin saytında dərc olunub.
Qərar layihəsində vurğulanır ki, Ermənistan Polşa ilə müdafiə sahəsində münasibətlərin gələcək inkişafına böyük əhəmiyyət verir: “Sazişin məqsədi tərəflər arasında hərbi-texniki sahədə əməkdaşlığın əsas prinsiplərini və prosedurlarını müəyyən etməkdir. Sazişin ratifikasiyası Ermənistanın strateji maraqlarına tam uyğundur və onun icrası beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır”.
Fevralın 26-da Baş nazir Nikol Paşinyanın Varşavaya səfəri çərçivəsində Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb. Cari ilin avqustun 27-də isə Ermənistan hökuməti Müdafiə Nazirliyinin Polşaya hərbi attaşe təyin edilməsi barədə təklif layihəsini təsdiqləyib.