BAKI, 9 sentyabr. TELEQRAF
Rusiya qoşunları yavaş-yavaş Donetsk vilayətinin son şəhərlərinə yaxınlaşır və payızda bu istiqamətdə ilin ən şiddətli döyüşünün başlayacağı gözlənilir. Bu, Ukrayna Silahlı Qüvvələrinin yeni komandanlığı üçün ciddi sınaq olacaq.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” məlumat yayıb.
Rusiya ordusu tədricən “qala kəməri” adlandırılan xəttin əsas şəhərləri Slavyansk və Kramatorska doğru irəliləyir. Məlumata görə, Rusiya bölmələri artıq şəhərlərdən 15 kilometrdən də yaxın məsafədədir. Hər iki şəhər getdikcə daha intensiv dron və idarəolunan aviasiya bombalarının zərbələrinə məruz qalır.
Vəziyyətin payızda ciddi şəkildə gərginləşəcəyi gözlənilir. “Karneci” Sülh Fondunun analitiki Maykl Kofmanın fikrincə, sentyabr-oktyabr ayları bu ilin ən ağır döyüşlərinin yaşanacağı dövr ola bilər: “Hava şəraiti pisləşdikcə dronlar öz effektivliyini itirir. Ruslar məhz bu şəraitdə döyüş meydanında mobilliyi yenidən bərpa etməyə çalışırlar”.
Ukrayna ordusu da artıq belə hücumların qarşısını almaq qabiliyyətini nümayiş etdirib. Məsələn, yayda Dobropillya yaxınlığında Rusiyanın hücumu gözlənilən nəticəni verməyib.
Donetsk vilayətinin müdafiəsi general Mixail Drapatının rəhbərlik etdiyi Ukraynanın yeni hərbi komandanlığı üçün ilk böyük sınaqlardan biri olacaq. Donetskdə əsas mövqelərə tanınmış ukraynalı komandirlər Andrey Biletski və Denis Prokopenko gətirilib. Biletski 3-cü Ordu Korpusuna, Prokopenko isə Milli Qvardiyanın “Azov” Korpusuna rəhbərlik edir. Onların bölmələri Ukrayna qüvvələrinin ən hazırlıqlı və texnoloji baxımdan ən yaxşı təchiz olunmuş hissələrindən hesab olunur.
Biletskinin korpusu ilin əvvəlində Slavyansk ətrafında cəbhə xəttini sabitləşdirib. Prokopenkonun qüvvələri isə Dobropillya yaxınlığında Rusiyanın hücumunun qarşısının alınmasında mühüm rol oynayıb.
Kreml üçün bütün Donetskin ələ keçirilməsi müharibənin əsas məqsədlərindən biri olaraq qalır.
Rusiya hakimiyyəti Kiyevdən regionun hələ işğal olunmamış ərazilərini də Moskvaya verməsini tələb edir. Ukrayna bu tələbləri dəfələrlə rədd edib. Prezident Volodimir Zelenski Donetskin gələcəyinin bu müharibənin əsas məsələlərindən biri olduğunu bildirib. Amma Rusiya ordusu indiyədək sürətli yarma əməliyyatını reallaşdıra bilməyib. Onun irəliləyişi yavaşdır, Ukrayna qüvvələri müqaviməti davam etdirir.
Hərbi analitik Emil Kastehelmi qeyd edib ki, müxtəlif istiqamətlərdə vəziyyət dəyişə bilər, bir çox ssenari mümkündür. Onun fikrincə, Rusiya Ukraynanın əsasən dron sistemləri üzərində qurulmuş müdafiəsini necə yarmaq barədə hələ effektiv üsul göstərə bilməyib: “Ümumilikdə, rusların necə uğur qazana biləcəyini təsəvvür etmək çətindir”.
Ukraynanın vəziyyəti canlı qüvvə çatışmazlığı səbəbindən də mürəkkəbdir. Kiyev səfərbərlik sistemindəki problemlərlə üzləşib.