BAKI, 3 iyul. TELEQRAF
“Şimali Makedoniya Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətində islahatları davam etdirəcək, amma Konstitusiyasına dəyişiklik etməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Şimali Makedoniya Baş naziri Xristian Mitskoski deyib.
“İslahat proqramını həyata keçirəcək, daxili problemləri həll edəcəyik. Verə biləcəyim vəd budur: vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması naminə qətiyyətli və güzəştsiz mübarizə aparacağıq, həmçinin milli maraqlarımızı qoruyacağıq. Amma başqaları tərəfindən müəyyən edilmiş Konstitusiya dəyişikliklərinə razılıq verəcəyimə söz verə bilmərəm. Bunun son tələb olduğuna dair aydın təminatlar və dəqiq məqsəd görmədən belə bir addım atmayacam”, - o bildirib.
Mitskoski əlavə edib ki, əvvəllər makedoniyalı siyasətçilər ölkənin bayrağını dəyişsə, Konstitusiyaya düzəliş etsə və adını dəyişsə, Avropa standartlarına uyğun yaşayacağına söz verirdilər. Baş nazirin sözlərinə görə, Şimali Makedoniya uzun illər ərzində alçaldıcı tələblər qarşısında güzəştə getsə də, bunun müqabilində heç nə əldə etməyib, bu da vətəndaşlarda məyusluq yaradıb. O söyləyib ki, bu çıxılmaz vəziyyətin nə vaxt başa çatacağını proqnozlaşdıra bilmir.
Qeyd edək ki, hazırda Şimali Makedoniyanın Aİ-yə üzvlük prosesi Bolqarıstan tərəfindən ikitərəfli münasibətlərdəki mədəni-tarixi məsələlərlə bağlı mübahisələr səbəbindən bloklanır. Sofiya makedon dilini müstəqil dil kimi tanımır, onu bolqar dilinin dialektlərindən biri hesab edir. Bundan əlavə, Bolqarıstan qonşu ölkədən öz ərazisində makedon milli azlığının mövcudluğu ilə bağlı bütün iddialardan imtina etməsini tələb edir.
Bundan əvvəl isə Şimali Makedoniyanın NATO və Aİ-yə üzvlük prosesi ölkənin keçmiş adı ilə bağlı mübahisələr səbəbindən Yunanıstan tərəfindən bloklanırdı. 2018-ci ildə tərəflər keçmiş Yuqoslaviya ölkəsinin rəsmi adının “Şimali Makedoniya Respublikası” olaraq dəyişdirilməsini nəzərdə tutan Prespa Sazişini imzaladılar. 2019-cu ildə Makedoniya parlamenti bununla bağlı Konstitusiyaya dəyişiklikləri təsdiqlədi. Sənədin Yunanıstan parlamenti tərəfindən ratifikasiyası Afina ilə Skopye arasında 27 il davam edən mübahisəyə son qoydu. Beləliklə, Şimali Makedoniya 2020-ci il martın 27-də NATO-nun 30-cu üzvü oldu.