BAKI, 16 aprel. TELEQRAF
Avropa Parlamentinin sədri Roberta Metsola ABŞ Prezidenti Donald Trampın Roma Papası XIV Leoya qarşı tənqidləri fonunda katoliklərin dini liderini Avropa Parlamentində çıxış etməyə dəvət edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Papa XIV Leo təkcə dünya katoliklərinin dini lideri deyil, həm də mənəvi cəsarət və aydınlığın simvoludur. Papa bütün avropalılar - həm dindarlar, həm də ateistlər tərəfindən dinlənilən və hörmət edilən səsdir”, - Metsola bildirib.
Avropa Parlamentinin adından o, Vatikana müraciət edərək Roma Papasının yaxın zamanda parlamentdə çıxış edəcəyinə ümid etdiyini vurğulayıb.
ABŞ Prezidenti Papanı İrana qarşı müharibə ilə bağlı mövqeyinə görə tənqid edib, bu, katolik dünyası və bəzi Avropa liderləri arasında narazılıq doğurub. XIV Leo isə sülhün dəstəklənməsi mövqeyindən geri çəkilməyəcəyini, amma Trampla açıq polemikaya girməyəcəyini bəyan edib.