BAKI, 24 mart. TELEQRAF

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avstraliyaya Çindən həddindən artıq asılı vəziyyətə düşməmək barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Avstraliya Baş naziri Entoni Albanese ilə görüşündən sonra bildirib.

Bəzi ölkələrin digərlərinin resurs və məhsullarından asılı olduğunu qeyd edən fon der Leyen bunun təzyiq vasitəsi kimi istifadə edilə biləcəyini və bu cür təhdidlərə qarşı müdafiənin vacib olduğunu vurğulayıb.

Avropa Komissiyasının rəhbəri bildirib ki, Çinə qarşı düzgün siyasətin hazırlanması həm Avropa, həm də Avstraliya üçün strateji məsələdir:

“Biz özümüzün hansısa təchizatçıdan həddindən artıq asılı olmasına icazə verə bilmərik, buna görə də bir-birimizə ehtiyacımız var. Bizim təhlükəsizliyimiz sizin təhlükəsizliyinizdir”.

Fon der Leyen əlavə edib ki, Avropa İttifaqı Çinin ixracyönümlü artım modeli və sənaye hiperməhsuldarlığını qəbul edə bilməz və qəbul etməyəcək:

“Keçən il istisnasız olaraq hər bir Avropa İttifaqı ölkəsi Çinlə ticarət kəsiri ilə üzləşdi. Təchizat zəncirinin təhlükəsizliyinə təhdidlər və sənaye bazamıza təzyiq təcili əks tədbirlər tələb edir. Bu cür tədbirlər yalnız birgə hazırlana bilər”.