BAKI, 13 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib və bu ölkəyə qarşı hərbi əməliyyat keçirilməsi ehtimalını istisna etməyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Salem News Channel” telekanalına müsahibəsində danışıb.
“Mən vəzifəmdən getməzdən əvvəl Kuba məsələsini həll etmək istəyirəm. Bizim çox yaxşı, istedadlı bir insanımız var – Marko Rubio. Bildiyiniz kimi, onun valideynləri kubalıdır. O da bu məsələ ilə məşğul olmaq istəyir. Biz vəziyyəti diqqətlə izləyirik”, – ABŞ lideri bildirib.
Jurnalistin Kubaya qarşı hərbi əməliyyat keçirməyə hazır olub-olmadığı barədə sualını cavablandıran Tramp belə deyib:
“Bəli, mən bunu mütləq nəzərdən keçirərdim”.
ABŞ Prezidenti daha əvvəl Kubada hakimiyyət dəyişikliyinin yaxın iki il yarım ərzində baş verə biləcəyini iddia edib. O, bu ölkədə Venesuela ssenarisinin təkrarlanması ehtimalından da danışıb.
Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya isə Vaşinqtonun ölkəsini özünə tabe etdirmək cəhdlərinin uğursuzluğa düçar olacağını bildirib.
Nazir vurğulayıb ki, Havana müstəqilliyini və suverenliyini müdafiə etməyə davam edəcək.
Trampın Kuba ilə bağlı sərt mövqeyi daha əvvəl də gündəmə gəlib. Oktyabrın 23-də o, İranla bağlı əməliyyatlardan sonra Kuba məsələsinə diqqət yetirəcəklərini bildirmişdi.