BAKI, 26 fevral. TELEQRAF

Polşa-Belarus sərhədində gizli yeraltı tunellər aşkar edilib. Rusiya bu tunellər vasitəsilə Avropaya qanunsuz miqrantlar keçirir və bu, Qərbə qarşı hibrid müharibənin bir hissəsi hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Polşa sərhədçiləri 2025-ci ildə dörd belə obyekt aşkar ediblər. Tunellərin tikintisində Yaxın Şərqdən olan mütəxəssislər iştirak ediblər. Nəşrin yazdığına görə, onlar kürd döyüşçüləri, İŞİD və ya İranın proksi qüvvələrinə bağlı ola bilərlər.

Ən böyük tunellərdən biri ötən ilin dekabrında Polşanın şərqində, Narevka kəndi yaxınlığında aşkar edilib. Qəzetin məlumatına əsasən, bu tuneldən Əfqanıstan və Pakistan vətəndaşları olmaqla 180 qanunsuz miqrant istifadə edib. Onlardan 130 nəfəri tuneldən çıxdıqdan sonra saxlanılıb.

Tunelin hündürlüyü 1,5 metrdir və Belarus tərəfdən giriş meşədə yerləşir. Uzunluğu Belarus tərəfdə 50, Polşada isə 10 metrdir.

Uçma təhlükəsinin qarşısını almaq üçün tunellərin zirzəmi tipli konstruksiya və beton dayaqları diqqət çəkib. Nəşrə danışan hərbi ekspertlər deyiblər ki, Yaxın Şərqdə belə tunellər yalnız HƏMAS, “Hizbullah”, silahlı kürd qrupları və İŞİD tərəfindən inşa edilib və ya istifadə olunub.

Amerikalı tarixçi Linett Nusbaxer qeyd edib ki, Yaxın Şərqdə oxşar tikililəri İsrail-Livan müharibəsindən sonra görmək mümkündür:

“2006-cı il Livan müharibəsindən dərhal sonra gördüyümüz şeylərdən biri Livanın cənubunda sıraya düzülmüş betonqarışdıranlar idi. Bundan sonra bölgədə çoxsaylı İran tipli tunellər gördük. HƏMAS da eyni şeyi Qəzzada edir”.