BAKI, 23 fevral. TELEQRAF
Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə yaxınlaşmaq üçün sonuncu maneəni keçməyə çalışırlar. Bu yoldakı sonuncu əsas maneə Ukrayna Silahlı Qüvvələri tərəfindən ümidsizcə müdafiə olunan kiçik Stepnoqirsk kəndidir.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Nəşr yazıb ki, kənd ətrafında yerləşdirilən təxminən 20 min Rusiya əsgəri 22 kilometr aralıda yerləşən Zaporojyeyə gedən yolu açmaq niyyətindədir. Kənd Kinska çayından əvvəl Ukrayna ordusunun son qalasıdır. Ruslar bu səddi keçə bilsələr, şəhəri artilleriya atəşinə tuta biləcəklər.
Ukrayna ordusunun FERRATA bölməsinin komandiri nəşrə deyib:
“Stepnoqirskin itirilməsi düşmənə təbii maneəni aşmağa, artilleriya və dronların irəliləməsi və Zaporojyeni gecə-gündüz atəşə tutmağa imkan verəcək. Bu, mülki əhali arasında panika və humanitar böhrana səbəb olacaq, Zaporojyenin işğalı və regional mərkəzin itirilməsi üçün şərait yaradacaq”.