BAKI, 17 fevral. TELEQRAF

Ukrayna və Rusiya rəsmiləri bu gün İsveçrədə ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarının yeni mərhələsi üçün görüşəcəklər, amma müharibəyə son qoymaq üçün heç bir irəliləyiş gözlənilmir. Döyüşlər davam edir, əvvəlki danışıqlar məhdud nəticələr verib, əsas fikir ayrılıqları hələ də həll olunmayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazıb.

Nəşr bildirib ki, bu Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin təxminən üç həftə ərzində üçüncü üçtərəfli görüşüdür. Əvvəlki iki raund Birləşmiş Ərəb Əmirliklərində keçirilib. Kiyev və Moskva onları “məhsuldar” adlandırsa da, faktiki irəliləyiş yalnız hərbi əsirlərin mübadiləsi ilə məhdudlaşıb. Fevralın 22-də müharibə beşinci ilinə qədəm qoyacaq.

Qeyd olunub ki, tərəflər iki əsas məsələdə güzəştə getməkdən uzaqdırlar: Rusiyanın Ukraynanın şərqində iddia etdiyi ərazilərin taleyi və Ukrayna üçün Qərbin təhlükəsizlik zəmanətləri.