BAKI, 20 yanvar. TELEQRAF
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) sayı son 12 ilin ən yüksək səviyyəsinə çataraq 184 200 hərbi qulluqçu təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius məlumat verib.
Almaniya Müdafiə Nazirliyinin bildirdiyinə görə, 2025-ci ildə ölkədə könüllü xidmətə qoşulanların sayı 12,2 min nəfərə yüksəlib, bu isə 2024-cü ildəki 10,3 min nəfər ilə müqayisədə 18 faizdən çox artım deməkdir. Amma hədəf 15 min könüllü olub. 2026-cı ildə bu göstəricinin 20 min nəfərə çatması gözlənilir. Pistorius personalın artımını “Bundesverə olan böyük etimadın göstəricisi” adlandırıb.
2024-cü ildə Almaniyada aktiv qoşunların sayı bir qədər azalararaq təxminən 181 150 nəfər olmuşdu. NATO-nun yeni hədəflərinə çatmaq üçün Bundesverin sayı 2035-ci ilə qədər 260 min nəfərə çatdırılmalıdır. Bundan əlavə, ehtiyatda 200 min hərbçi olmalıdır.
Hazırkı təhlükəsizlik vəziyyəti, NATO planları və bu planlardan irəli gələn vəzifələr kadr, texnika və infrastruktur tələbatını ciddi şəkildə artırır.