BAKI, 18 yanvar. TELEQRAF

Macarıstan hökuməti Ukrayna ilə bağlı mövqeyini dəyişmir və Brüsselin təzyiqlərinə baxmayaraq, bu ölkənin Avropa İttifaqına (Aİ) tələsik üzvlüyünə icazə verməyəcək.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ölkənin “Kossuth” radiosunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Budapeşt Brüsselə qarşı mövqeyini açıq şəkildə ifadə etməkdən çəkinmir:

“Biz Brüsselə ‘yox’ deməkdən heç vaxt qorxmamışıq və Ukraynanın Aİ-yə üzvlüyünə də ‘yox’ deyəcəyik”, – Siyarto vurğulayıb.

O qeyd edib ki, Ukraynada silahlı münaqişə davam edir və bu şəraitdə ölkənin Avropa İttifaqına qəbul edilməsi “müharibə alovunu bütün qitəyə yayacaq”.

Nazir, həmçinin xatırladıb ki, Avropa İttifaqı haqqında Müqaviləyə əsasən, yeni üzvlərin qəbul edilməsi yalnız konsensus əsasında mümkündür və Macarıstanın razılığı olmadan bu qərar qəbul edilə bilməz.

Qeyd edək ki, Macarıstan hökuməti daha əvvəl dəfələrlə bəyan edib ki, Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyü Avropa iqtisadiyyatına ciddi zərbə vuracaq və Rusiya ilə birbaşa hərbi qarşıdurma riskini artıracaq.