BAKI, 18 yanvar. TELEQRAF
Almaniya yenidən silahlanma proqramı çərçivəsində ordu sıralarını genişləndirməyə çalışsa da, gənclər arasında ciddi istəksizliklə üzləşib.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məqalədə bildirilir ki, hökumət orduya yeni çağırışçıları cəlb etmək üçün 2008-ci il təvəllüdlü gənclərə anketlər göndərib. Lakin alman gəncləri büdcənin böyük hissəsinin yaşlıların təqaüdünə xərcləndiyini əsas gətirərək, dövlət üçün fədakarlıq etmək istəmirlər. Onlar "Xidmətin qarşılığında nə əldə edəcəyik?" sualını verirlər.
Almaniya ordusunun (Bundesver) şəxsi heyətini 184 mindən 260 minə çatdırmaq planlaşdırılır. Bunun üçün hər il 60-70 min yeni əsgər cəlb edilməlidir. Lakin rəy sorğuları orduya xidmət etmək istəyənlərin sayının rekord həddə azaldığını göstərir.
Bundan əlavə, sərt məlumat qorunması qanunları səbəbindən ordu ehtiyatda olan 930 min hərbçinin məlumatlarını əldə edə bilmir, bu da səfərbərlik potensialını zəiflədir.