BAKI, 15 yanvar. TELEQRAF
“Mən həmişə Ukraynada korrupsiya ilə mübarizə aparmışam”.
Teleqraf xəbər verir ki, bunu rüşvət verməkdə ittiham olunan Ukraynanın müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko parlament üzvlərinə müraciətində deyib.
Korrupsiyanın bu gün hakimiyyətin bütün qollarına nüfuz etdiyini iddia edən müxalifət lideri Ukrayna Prezidenti Volodimir Zelenski və digər dövlət adamlarını korrupsiyada günahlandırıb.
“Biz bu gün Ukraynada hakimiyyətin bütün qollarına nüfuz etmiş çirkli, hərtərəfli və geniş yayılmış korrupsiya ilə mübarizə aparmışıq və aparmağa davam edəcəyik. Ukrayna dövlət başçısından tutmuş ən aşağı vəzifəli şəxsə qədər hər səviyyədə korrupsiya mərkəzinə çevrilib”, - Timoşenko bildirib.
Partiya sədri əlavə edib ki, korrupsiya ölkənin müdafiə qabiliyyətini məhv edir.
Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) yanvarın 14-də Yuliya Timoşenkonun ofisində axtarış aparıb. O, qanun layihələri üzrə səsvermə üçün Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunur.