BAKI, 12 yanvar. TELEQRAF

“Ukraynadakı müharibənin uzun çəkməsi Rusiya Prezidenti Vladimir Putin və komandası üçün ciddi siqnaldır”.

Teleqraf xəbər verir ki, bunu ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

“Rusiyanın Ukraynaya təcavüzü artıq İkinci Dünya müharibəsindən daha çox davam edir. Bu, Putin və komandası üçün ciddi siqnal və antipiar elementidir. Bu yükün altından çıxmaq çətin olacaq. Kremlin rəsmi təbliğatçıları belə, bu qədər uzanan müharibəni izah etməyə söz tapmırlar.

Yeni tezisləri odur ki, “Ukrayna qardaş xalqdır, biz total müharibə aparmırıq, vətəndaşlara ziyan vurmaq istəmirik”. Halbuki Rusiyanın təcavüzü nəticəsində həlak olan dinc ukraynalıların sayı 30 mindən çoxdur. Mariupolda ölənlər bura daxil deyil, çünki dəqiq say bilinmir. Rusiyanın Ukraynada törətdiyi dağıntı və vurduğu ziyanın dəyəri isə 1 trilyon dolları keçib”, - partiya sədri bildirib.

Natiq Cəfərlinin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü, Ukraynanın isə bu təcavüzü önləmək üçün atmadığı addımlar tarixdə “axmaqların müharibəsi” adıyla qalacaq:

“Hər iki ölkədə gələcək nəsillər bu mənasız, qanlı savaşı lənətləyəcəklər”.