BAKI, 11 yanvar. TELEQRAF
Slovakiya Baş naziri Robert Fitso Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın tutduğu vəzifədən getməli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, hökumət başçısı bu barədə "TA-3" telekanalına müsahibəsində danışıb.
Fitso bəyan edib ki, Aİ-nin xarici siyasətinə rəhbərlik edən Kaya Kallasın fəaliyyəti qənaətbəxş deyil:
"Biz Aİ-nin beynəlxalq siyasət üzrə Ali Nümayəndəsi xanım Kallası dəyişdirməliyik".
Baş nazirin sözlərinə görə, məhz Kallasın idarəçiliyi səbəbindən Aİ müasir qlobal çağırışlara effektiv reaksiya verə bilmir və aktual hadisələrlə bağlı öz müstəqil mövqeyini formalaşdırmaqda çətinlik çəkir.
Robert Fitso ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyata toxunaraq, geosiyasi vəziyyətin kökündən dəyişdiyini vurğulayıb. Onun fikrincə, bu hadisədən sonra İkinci Dünya müharibəsindən bəri mövcud olan qlobal dünya nizamı artıq sıradan çıxıb. Fitso Aİ-nin Venesueladakı hadisələrə necə reaksiya verəcəyini gözlədiyini qeyd edib.
Bütün tənqidlərə baxmayaraq, Baş nazir vurğulayıb ki, Avropa İttifaqı Slovakiya üçün "həyati əhəmiyyətli məkan"dır və respublika bu birliyin ayrılmaz tərkib hissəsidir.
Robert Fitso həmçinin ABŞ-yə planlaşdırılan səfəri barədə məlumat verib. O bildirib ki, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla Slovakiya-Amerika əməkdaşlığının perspektivlərini, eləcə də Avropa İttifaqı ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.