BAKI, 8 yanvar. TELEQRAF
Türkiyə Qara dənizdə qüvvələr balansının qorunması məqsədilə boğazlarda gəmiçilik qaydalarını tənzimləyən Montrö Konvensiyasına ciddi şəkildə riayət etməyə davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk jurnalistlərə bildirib.
“Türkiyə Qara dənizdə təhlükəsizlik və sabitliyin təmin edilməsi, həmçinin gəmiçilik sahəsində təhlükəsizliyin planlaşdırılmasında aparıcı rol oynayır, (Ukraynada) atəşkəsə nail olunduqdan sonra da bu sahədə tədbirlər görəcək. Regional məsuliyyət prinsipi çərçivəsində Türkiyə Montrö Konvensiyasını qərəzsiz və güzəştsiz şəkildə tətbiq edir. Bu konvensiya Qara dənizdə balansı təmin edir, regionun təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə onun tətbiqini davam etdirəcək”, - nazirliyin rəsmi nümayəndəsi vurğulayıb.
Türkiyə Montrö Konvensiyası çərçivəsində Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Qara dənizdə gərginliyin artmasının qarşısını almaq üçün müharibədə iştirak edən və sahil dövləti olmayan ölkələrin hərbi gəmilərinin boğazlardan keçidini məhdudlaşdırıb.