BAKI, 29 dekabr. TELEQRAF

“Ukrayna Rusiyanın genişmiqyaslı müharibə nəticəsində törətdiyi dağıntı və vurduğu ziyana görə ondan reparasiya almağa çalışır. Amma ABŞ-də “reparasiya” yox, “kompensasiya”dan danışılır”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.

Dövlət başçısından ABŞ Prezidenti Donald Trampla görüş zamanı Rusiyanın Ukraynaya reparasiya ödəməsi məsələsinin müzakirə olunub-olunmadığı soruşulub:

“Əlbəttə, Rusiyanın bizə ödəniş etməsində maraqlıyıq, bunun reparasiya olmasını istəyirik. Amerikalılar buna “reparasiya” yox, “kompensasiya” deyirlər. Zənnimcə, “reparasiya” sözü onların o qədər də xoşuna gəlmir. Amma bizim üçün əsas olan dövlətimizi bərpa etmək üçün vəsait əldə etməkdir”.

Zelenski xatırladıb ki, Avropa İttifaqı (Aİ) ölkələri ilə reparasiya kreditləri məsələsi artıq həll olunub, dondurulmuş Rusiya aktivlərinin böyük hissəsi Aİ ölkələrində yerləşir:

“Onların bizim mövqeyimizi dəstəkləmələrindən məmnunam. İlk 100 milyardı yaxın iki il ərzində bərabər tranşlarla alacağıq. Müharibə olmasa, bu vəsaiti dövlətimizin bərpasına xərcləyəcəyik. Özümüzü müdafiə etməyə məcbur olsaq, o zaman müdafiənin təşkili üçün vəsaitimiz olacaq”.

Reparasiya təcavüzkar dövlətin təcavüzə məruz qalmış dövlətə (dövlətlərə) dəymiş zərəri pul və ya maddi formada ödəməsini nəzərdə tutan maddi-hüquqi məsuliyyətdir.