BAKI, 24 dekabr. TELEQRAF

“Tərəfaşlarımızın fikrincə, Ukrayna Rusiya ilə sülh sazişi imzalandıqdan sonra prezident seçkilərini mümkün qədər tez keçirməlidir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı bildirib.

“Mümkün qədər tez” - tərəfdaşların baxışı belədir. Bunun haradan qaynaqlandığını anlayırıq. Saziş imzalandıqdan sonra və ya onun icrası prosesində müəyyən bir anda Ali Rada prezident seçkilərinin tarixini səsə qoyaraq müəyyən edə biləcək. Məsələn, imzaladıq və prezident seçkilərini keçirmək olar. Bunda problem görmürük. Əgər söhbət kiminsə həqiqətən Ukraynada seçkilər istəməsindən gedirsə və bu, müharibə yolu ilə əldə edə bilmədiklərini siyasət yolu ilə əldə etməyin mümkünlüyünə ümid verirsə, deməli, ona görə bunu irəli sürürlər. Amma bu, Ukrayna xalqının bunu mütləq eyni cür qəbul edəcəyi demək deyil”, - o deyib.

Zelenskinin sözlərinə görə, seçkilərin keçirilməsi üçün prosesin özünün təhlükəsizliyi də təmin olunmalıdır:

“Digər məsələlər daha mürəkkəbdir. Məsələn, geri çəkilmə prosesi gedənə, yaxud tamamlanana qədər bizə xüsusi rejim lazımdır. Razılaşma olduğu və icra edildiyi şəraitdə səfərbərliyi ya transformasiya etmək, ya da ümumiyyətlə etməmək mümkündür, yaxud insanları qismən tərxis etmək olar. Amma ən əsas məsələ müəyyən bir müddətdə ordu və mövqeləri itirməməkdir. Bu, çox təhlükəlidir”.

O qeyd edib ki, söhbət məhz prezident seçkilərindən gedir, çünki parlament seçkilərinə konstitusion məhdudiyyətlər tətbiq olunur:

“Yəni bunun özünəməxsus xüsusiyyətləri var və bu, yalnız hərbi vəziyyətlə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra mümkün ola bilər. Təsəvvür edək ki, sazişi imzalamışıq, məsələn, hərbi vəziyyəti altı və ya bir neçə ay ərzində ləğv edə bilmirik. Amma bənddə yazılıb ki, imzadan dərhal sonra mümkün qədər tez seçkilər keçirilməlidir. Mən vəzifədən yapışmaq istəmirəm, bunu demişəm. O zaman parlament indidən işləyib səsə qoymalıdır ki, əgər təhlükəsizlik şəraiti və demokratik standartlar üçün şərtlər varsa, Ukrayna prezident seçkiləri keçirilir və müddət 60 və ya 90 gün olur. Əgər “mümkün qədər tez” nəzərdə tutulursa, deməli, müddət qısaldılır”.