BAKI, 18 dekabr. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada yeni dominant qrip ştammının yayılması fonunda bir sıra ölkələrin səhiyyə sistemlərinin ciddi təzyiq altında olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, ÜST-nin məlumatına görə, təşkilatın Avropa regionuna daxil olan 38 ölkədən azı 27-də qrip aktivliyi “yüksək” və ya “çox yüksək” səviyyədədir. İrlandiya, Serbiya, Sloveniya və Böyük Britaniya da daxil olmaqla altı ölkədə qripə bənzər simptomlarla müraciət edən xəstələrin yarıdan çoxunda testlər müsbət nəticə göstərib.

Bildirilib ki, bu mövsüm qrip əvvəlki illərlə müqayisədə təxminən dörd həftə tez başlayıb. Yoluxmaların əsas səbəbi A(H3N2) virusunun K sub-qrupu hesab olunur və bu ştamm təsdiqlənmiş halların 90 faizinə qədərini təşkil edir. Bununla belə, ÜST bu variantın daha ağır xəstəlik törətməsinə dair sübutun olmadığını vurğulayıb.

ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge bildirib ki, virusdakı kiçik genetik dəyişikliklər belə səhiyyə sistemlərinə böyük yük yarada bilər. O, əhalini peyvənd olunmağa, xəstə olduqda evdə qalmağa və tənəffüs simptomları olduqda maska taxmağa çağırıb.

Təşkilat qeyd edib ki, Böyük Britaniyadan əldə olunan ilkin məlumatlar peyvəndin ağır xəstəlik riskini azaltdığını göstərir. Xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar, uşaqlar və səhiyyə işçiləri risk qrupuna daxildir.

ÜST-nin proqnozuna görə, qrip mövsümü dekabrın sonu yanvarın əvvəllərində pik həddə çatacaq. Bununla yanaşı, təşkilat hazırkı vəziyyətin COVID-19 pandemiyası səviyyəsində qlobal fövqəladə hal olmadığını bildirib.