BAKI, 16 dekabr. TELEQRAF
ABŞ, Ukrayna və Avropa rəsmilərinin Berlində keçirilən görüşündə bəzi mühüm məsələlər, o cümlədən ABŞ və Avropanın Ukraynaya təhlükəsizlik zəmanətləri üzrə razılıq əldə olunub. Amma bir sıra səbəblərə görə müharibənin başa çatmasından danışmaq hələ çox tezdir.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Dekabrın 15-də Avropa liderləri təhlükəsizlik zəmanətlərinin siyahısını əks etdirən birgə bəyanat yayıblar. Bu zəmanətlərə aşağıdakılar daxildir:
Ukrayna ordusuna dəstək verilməsi, onun hava və dəniz məkanını qorumaq məqsədilə Avropanın rəhbərliyi altında çoxmillətli qüvvələrin yaradılması;
Gələcəkdə silahlı hücum baş verərsə, sülh və təhlükəsizliyin bərpası üçün tədbirlər görməyə dair Avropa ölkələrinin hüquqi öhdəliyi;
Ukraynanın Avropa İttifaqına üzvlüyünə Avropanın dəstəyi;
Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində Avropadan davamlı və əhəmiyyətli dəstək;
Gələcək mümkün hücumlar barədə erkən xəbərdarlıq üçün ABŞ-nin rəhbərliyi altında atəşkəsin monitorinqi və yoxlanılması mexanizmi;
Avropada dondurulmuş Rusiya suveren aktivləri də daxil olmaqla, Ukraynanın bərpasına investisiyalar.
Avropa liderləri tərəfindən imzalanmış birgə bəyanatda qeyd olunur ki, bu addımlar müharibənin dayandırılması ilə bağlı razılaşma kontekstində Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərini və iqtisadi bərpanın dəstəklənməsi tədbirlərini təmin edəcək. Almaniya Kansleri Fridrix Merts jurnalistlərə bildirib ki, indi real sülh prosesinə şans yaranıb.
Amma “The Telegraph” vurğulayır ki, hazırda bir növ “məkik diplomatiyası” aparılır: Ukrayna və avropalı müttəfiqləri bir tərəfdə, Rusiya isə digər tərəfdədir. Bundan sonra ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Berlində müzakirə olunan təklifləri Rusiyaya təqdim edəcək. Ancaq Kremlin bu mərhələdə sülh sazişini imzalayıb-imzalamayacağı tamamilə qeyri-müəyyəndir.
Danışıqlar barədə məlumatlandırılmış amerikalı rəsmilər iddia edirlər ki, Rusiya Ukrayna üçün bu təhlükəsizlik zəmanətləri ilə razılaşmanı imzalamağa hazırdır. Amma tərəflər hələ də Rusiyanın işğal etdiyi Ukrayna əraziləri ilə bağlı razılığa gələ bilməyiblər.
Məlumata görə, Uitkoff və Kuşnerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti işğal olunmuş ərazilərdə azad iqtisadi zonaların yaradılması variantını müzakirə edir. Amma əslində onlar Ukraynanı öz suveren ərazilərini Rusiyaya güzəştə getməyə razı salmağın yolunu axtarırlar. Kiyev isə bildirib ki, buna razı deyil.