BAKI, 14 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin də daxil olduğu Amerika nümayəndə heyəti Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Berlində səfərdədir.
Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, nümayəndə heyəti dekabrın 14-də səhər saatlarında Berlinin mərkəzində yerləşən hoteldə məskunlaşıb. ABŞ və Ukrayna nümayəndələri arasında danışıqların Berlində Avropa ölkələrinin iştirakı ilə davam etdirilməsi nəzərdə tutulur. İlk mərhələdə görüşlərin siyasi müşavirlər səviyyəsində və qapalı formatda keçirilməsi planlaşdırılır. Danışıqlarda Almaniya nümayəndələrinin də iştirakı gözlənilir.
Qeyd edək ki, dekabrın 12-də Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius kansler Fridrix Mertsin dekabrın 15-də Berlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini açıqlayıb. Görüşdən sonra müzakirələrə Aİ və NATO-nun bəzi liderlərinin qoşulacağı, həmçinin “Avroüçlük” (Almaniya, Böyük Britaniya və Fransa) formatında danışıqların keçiriləcəyi gözlənilir.
Məlumata görə, Ukrayna üzrə danışıqlar Vaşinqtonun noyabrda təqdim etdiyi 28 maddəlik plandan sonra fəallaşıb. Sənəd Kiyev və Avropa tərəfdaşları tərəfindən yenidən işlənib. ABŞ Prezidenti Donald Tramp planın Moskva və Kiyevin mövqeləri nəzərə alınmaqla yeniləndiyini bildirib.
Bu çərçivədə ABŞ nümayəndələri Ukrayna tərəfi ilə Floridada, Rusiya tərəfi ilə isə Moskvada danışıqlar aparıb. Ukrayna Prezidenti Zelenski isə Avropa liderləri ilə razılaşdırılmış və 20 maddəyə endirilmiş sülh planının ABŞ-a təqdim edildiyini açıqlayıb.