BAKI, 14 dekabr. TELEQRAF
"Ukraynanın bütün aidiyyəti qurumları Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələrdən sonra bölgələrdə elektrik, istilik və su təchizatının bərpası üçün çalışır".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, vəziyyət hələ də mürəkkəb olaraq qalır və yüz minlərlə ailə işıqsızdır:
"Elektrik enerjisinin verilməsində problemlər Nikolayev, Odessa, Xerson, Çerniqov, Donetsk, Sumı və Dnepropetrovsk vilayətlərində müşahidə olunur".
Zelenski bildirib ki, ötən gecə də Ukraynanın bir sıra yaşayış məntəqələrinə zərbələr endirilib, yaralananlar var:
"Rusiya müharibəni uzatmağa və Ukrayna xalqına mümkün qədər çox zərər vurmağa çalışır. Təkcə son bir həftə ərzində Rusiya Ukraynaya qarşı 1500-dən çox kamikadze dron, təxminən 900 idarə olunan aviasiya bombası və 46 müxtəlif tipli raket tətbiq edib".
Ukrayna lideri vurğulayıb ki, ölkəsi ədalətli və ləyaqətli şərtlərlə sülhə ehtiyac duyur və bu istiqamətdə konstruktiv işləməyə hazırdır. O bildirib ki, qarşıdakı günlər diplomatik baxımdan intensiv olacaq və bu prosesin real nəticə verməsi son dərəcə vacibdir.
Zelenski tərəfdaş ölkələrin dəstəyinə ümid etdiyini qeyd edərək, Ukraynaya kömək edən hər kəsə təşəkkür edib.