BAKI, 12 dekabr. TELEQRAF

Türkiyə Müdafiə Nazirliyi ABŞ-nin Ankaranın F-35 döyüş təyyarəsi proqramına geri dönə bilməsi üçün Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemindən imtina etməsi ilə bağlı şərtinə cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zəki Aktürk bildirib.

“Ölkəmizin hava müdafiə qabiliyyətini yerli sistemlərlə gücləndirməyə yönəlmiş işlər plan üzrə davam edir. Son günlər gündəmə gətirilən S-400 Hava Hücumundan Müdafiə Sistemi ilə bağlı yeni bir gəlişmə yoxdur”, - o deyib.

Aktürk əlavə edib ki, F-35 tədarükünə dair ABŞ ilə aparılan diplomatik əlaqə və görüşlər davam edir:

“F-35 tədarükü ilə bağlı sanksiya və maneələrin aradan qaldırılması və ölkəmizin proqramda yenidən iştirak etməsi üçün müzakirələr davam etdirilir. F-35 layihəsi ilə bağlı prosesin müttəfiqlik ruhu çərçivəsində, qarşılıqlı dialoq və konstruktiv müzakirələrlə aparılması iki ölkənin münasibətlərinə müsbət töhfə verəcək”.

Xatırladaq ki, ABŞ-nin Ankaradakı səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tomas Barak bundan əvvəl Türkiyənin F-35 döyüş təyyarəsi proqramına geri qayıtması üçün Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemindən imtina etməli olduğunu söyləmişdi.