BAKI, 20 oktyabr. TELEQRAF
Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla son telefon danışığı zamanı Ukraynadan müharibəni dayandırmaq üçün şərt olaraq bütün Donbas bölgəsini (Donetsk və Luqansk vilayətlərini) verməsini tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Amerikalı analitiklərə görə, belə bir güzəşt Rusiyaya Ukraynaya qarşı təcavüzünə onun üçün əlverişli vaxtda daha sərfəli mövqelərdən yenidən başlamağa şərait yaradacaq.
ISW Ukraynanın Donetsk bölgəsinin qalan hissəsinin güzəştə getməsinin Rusiya üçün qeyri-mütənasib şəkildə faydalı olacağını düşünür.
“Donetsk Ukraynanın müdafiə və müdafiə-sənaye bazası üçün strateji əhəmiyyət kəsb edir. Həmçinin hazırda Rusiya ordusunun Ukraynanın bu bölgədəki əsas müdafiə xəttini qısa vaxtda ələ keçirə biləcək vasitələri yoxdur, onların hazırkı irəliləyiş tempi ilə bu, bir neçə il çəkəcək”.
ABŞ analitiklərinə görə, Donetskin güzəştə gedilməsi Rusiyaya uzun və qanlı döyüşdən qaçmağa və yeni mövqelərdən Ukraynanın dərinliklərində döyüşləri davam etdirməyə imkan verəcək. Bu, həm də ruslara Dnepropetrovsk və Zaporojye vilayətlərinin şərq rayonları və ya Xarkov vilayətinin cənubuna zərbə endirmək imkanı verə bilər.