BAKI, 12 oktyabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskiyə münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlara başlamağı məsləhət görüb.

Teleqraf xəbər verir ki, bu barədə Lukaşenko Pavel Zarubinlə müsahibəsində deyib.

Belarus lideri bildirib ki, Ukraynanın “Qərbdəki sərsəm qonşuları” ölkənin ərazilərinin bir hissəsini ələ keçirmək niyyətindədir:

“Orada vəziyyət çox ciddidir. Ümid edirəm, Ukrayna prezidenti dediklərimi eşidər və anlayar ki, ölkəsinə xoşbəxtliyi kənardan heç kim gətirməyəcək. Ukraynaya rifahı yalnız slavyan dövlətləri gətirə bilər. Buna görə də danışıqlar masasına oturmaq lazımdır”, — Lukaşenko vurğulayıb.

O həmçinin qeyd edib ki, Ukrayna ilə bağlı sülh danışıqlarının ləngiməsinə ABŞ, Rusiya və ya Avropa İttifaqı deyil, məhz Zelenskinin özü səbəb olur. Lukaşenkonun fikrincə, xarici təzyiq nəticəsində Ukrayna lideri danışıqlar prosesini sürətləndirməyə məcbur qala bilər.