BAKI, 12 oktyabr. TELEQRAF
Ukraynanın Dnepropetrovsk vilayətinin Alekseyevka kəndi istiqamətində rus qoşunları irəliləmə əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında bildirilir.
Analitiklərin məlumatına görə, geolokasiya videolarında rus əsgərlərinin Stepnoye kəndinin cənub-şərq hissəsi və Alekseyevka kəndinin şərq istiqamətində irəlilədiyi görünür. ISW əlavə edir ki, rus hərbçilərinə qarşı Ukrayna qüvvələri Alekseyevka yaxınlığında əks-hücumlar həyata keçirib.
Hərbi müşahidəçi Denis Popoviç qeyd edib ki, Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin kəsişməsində vəziyyət “təhlükəli” olaraq qalır. Onun sözlərinə görə, bu istiqamətdə rus ordusu az sayda hücumlarla irəliləmə göstərib.
Həmçinin, Boqdan Xmelnitski briqadasının 3-cü batalyon komandiri Oleq Qluşko (“Alliqator”) bildirib ki, son günlər Dnepropetrovskda döyüşlərin intensivliyi xeyli artıb. O, rusların Dobropolski və Pokrovski istiqamətlərindən qüvvələrini bu bölgəyə cəmləyərək təzyiqi artırdığını vurğulayıb.
"DeepState" layihəsinin məlumatına görə, rus qoşunları dumanın köməyi ilə Alekseyevka kəndinə daxil olub. Bu kənd Verbovoy kəndinin şimalında yerləşir.
