BAKI, 6 oktyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşmüş və Rusiya tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir gürcü Ermənistanda həbs olunub.

Teleqraf xəbər verir ki, Vano Sabaşvili sentyabrın əvvəlində Gürcüstandan Ermənistana daxil olarkən saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib. V.Sabaşvili Rusiyada Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak etdiyinə görə mühakimə olunub və qiyabi həbs cəzasına məhkum edilib. Ekstradisiya ilə bağlı qərarı Ermənistan Baş Prokurorluğu verməlidir.

Sentyabrın əvvəlində Ermənistan hüquq-mühafizə orqanları Rusiya tərəfindən muzdlu fəaliyyətə görə axtarışda olan digər Gürcüstan vətəndaşı Georgi Kinoianini də həbs edib.