BAKI, 6 oktyabr. TELEQRAF

Fransada müxalifət nümayəndələri Baş nazir Sebastien Lekornunun istefa ərizəsi verməsindən sonra Prezident Emmanuel Makrondan istefa verməsini tələb ediblər.

Teleqraf xəbər verir ki, solçu “İtaətsiz Fransa” partiyasının sədri Jan-Luk Melenşon da bu çağırışa qoşulub.

“Sebastien Lekornunun istefasından sonra Emmanuel Makronun istefasını tələb edən 104 deputatın vəsatətinə dərhal baxmağa çağırırıq”, - Melenşon bildirib.

Öz növbəsində, müxalif deputat Matilda Panaud sosial mediada yazıb ki, Fransa bir ildən az müddətdə üç baş nazir görüb:

“Geri sayım başladı. Makron getməlidir”.

Oktyabrın 6-da Lekornu yeni hökumətin elanından sonra müxalifətin tənqidi fonunda istefa ərizəsini Makrona təqdim edib. Prezident onun istefasını qəbul edib. Lekornu bu postda cəmi 27 gün qalıb.