BAKI, 3 avqust. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski general-leytenant Anatoli Krivonoşkonu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yeni komandanı təyin edib.
Teleqraf-ın xəbərinə görə, bu barədə o, rəsmi "Telegram" kanalında məlumat verib.
"Bu gün general-leytenant Anatoli Krivonoşkonu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı təyin etdim. Ən vacibi isə budur ki, gələcəkdə də Ukraynanın döyüş aviasiyası və hava hücumundan müdafiə qüvvələri kompleks şəkildə və səmərəli qarşılıqlı fəaliyyət əsasında inkişaf etməlidir. Bu işdə Ukrayna Silahlı Qüvvələri, Baş Qərargah, Müdafiə Nazirliyi, tərəfdaş komandalarımız və Ukraynaya güc və qələbə arzulayan peşəkar, vicdanlı ekspertlər birlikdə çalışmalıdır", – deyə Zelenski bildirib.
Qeyd edək ki, A. Krivonoşko 2024-cü ilin avqust ayının sonundan etibarən Hava Qüvvələrinin komandanı vəzifəsini müvəqqəti olaraq icra edirdi. O, bu postda general Nikolay Oleşçuku əvəz edib. Oleşçuk vəzifədən, Ukrayna ordusunun F-16 qırıcı təyyarəsini səhvən öz hava hücumundan müdafiə sistemləri ilə vurmasından sonra azad olunub.