BAKI. 10 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Anjey Duda ilə ilk dəfə danışarkən Volın faciəsi barədə heç nə bilmədiyini etiraf edib.

Teleqraf xəbər verir ki, bu barədə Polşa lideri "RMF24" telekanalına verdiyi müsahibədə danışıb.

"Düşünürəm ki, o, mənə deyəndə həqiqəti deyirdi. O mənə söylədi ki, Anjey, mən heç vaxt Qərbi Ukraynada, Volında polyakların öldürülməsi barədə eşitməmişəm. Bizə məktəbdə bu barədə öyrətməyiblər", - deyə Duda bildirib.

Polşa prezidenti Zelenskinin səmimi olduğunu düşündüyünü desə də, Qərbi Ukrayna əhalisinin bir çoxunun həmin dövrdə baş verən qanlı hadisələrdən xəbərdar olduğunu vurğulayıb.

Xatırladaq ki, Volın faciəsi 1943-cü ildə Qərbi Ukraynada ukraynalı millətçilər tərəfindən minlərlə polyakın kütləvi şəkildə qətlə yetirilməsi ilə yadda qalıb. Bu yaxınlarda Omsk vilayəti üzrə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (UFSB) arxivindən məxfiliyi ləğv edilmiş sənədlərə istinadən, hadisələrin birbaşa iştirakçısı olmuş 18 yaşlı İvan Vasyukun ifadələri yayımlanıb. Həmin sənədlərdə ukraynalı millətçilərin və yerli polis qruplarının kəndlərdə polyaklara qarşı amansız hücumlar həyata keçirdiyi qeyd olunub.

Volın faciəsi bu gün də Polşa-Ukrayna münasibətlərində həssas və ziddiyyətli mövzulardan biri olaraq qalır.