BAKI, 10 iyul. TELEQRAF

Sülh dövründə Ukrayna ordusunun saxlanılması ildə 50 milyard avroya başa gələcək.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıxal məlumat verib.

O bildirib ki, həmin məbləğin yarısının Avropa İttifaqı (Aİ) tərəfindən qarşılanması gözlənilir.

"Hazırda hərbi xərclər 100-120 milyard dollar səviyyəsindədir. Sülh dövründə, silah istehsalını nəzərə almadan, bu xərclər 50 milyard avro təşkil edəcək. Biz gözləyirik ki, bu məbləğin 50 faizini Aİ ödəyəcək", - deyə Şmıxal qeyd edib.

Baş nazirin sözlərinə görə, Ukrayna Nazirlər Kabineti 2025-ci ilin büdcəsində müdafiə sektorunun maliyyələşdirilməsində yaranan boşluğu doldurmaq üçün 9,8 milyard dollar dəyərində dəyişikliklərə təsdiq verib. Bu məbləğin təxminən 311 milyard qrivnası (təqribən 7,4 milyard dollar) Müdafiə Nazirliyinə ayrılacaq. Eyni zamanda, 100 milyard qrivnadan çox vəsaitin (təqribən 2,39 milyard dollar) isə Strateji Sənaye Nazirliyi, Milli Qvardiya, Sərhəd Xidməti, Kəşfiyyat və Təhlükəsizlik xidmətlərinin əlavə maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.