BAKI, 9 aprel. TELEQRAF
Kursk vilayətindəki həlledici döyüşlər göstərir ki, Şimali Koreya qoşunları vaxtilə köhnəlmiş taktikalarını Ukraynadakı müharibəyə tez uyğunlaşdırıblar və bu, onları ukraynalılar üçün ciddi düşmənə çevirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazır.
İlk vaxtlarda koreyalıların döyüş meydanına yürüşləri artilleriya, dron və ya zirehli texnikanın dəstəyi olmadan böyük qruplar halında baş verirdi, bu da onları Ukrayna üçün asan hədəfə çevirirdi. Amma fevraldan daha kiçik qruplarla hərəkət edən koreyalılar Rusiya artilleriyası, PUA və digər sistemlərinin dəstəyi ilə döyüşməyə başlayıblar.
Qeyd olunur ki, koreyalı əsgərlər həm də ideoloji ruh və fiziki dözümlülükləri ilə ruslardan fərqlənirlər. Koreyalılar yoldaşları yaralananda və ya öldürüləndə belə dayanmırlar. Hücumdan sonra bir az geri çəkilirlər, amma yenidən toplaşır və hücuma keçirlər.
“Baş verənlər İkinci Dünya müharibəsinin səhnələrini xatırladır, onlar sadəcə irəli qaçırlar. “Koreya” qışqırıb irəli atılırlar”, - bir ukraynalı hərbçi nəşrə deyib.
WSJ-nin fikrincə, koreyalılar müasir döyüş taktikalarına tez uyğunlaşıblar:
“Ən sürətli uyğunlaşmalardan biri pilotsuz təyyarələrə qarşıdır. İlk dəfə döyüş meydanına girəndə koreyalılar təhlükələri dərk etmədən sadəcə PUA-lara baxırdılar. Amma indi onlardan qaçmaq və ya məhv etmək taktikalarını öyrəniblər”.