
BAKI, 1 aprel. TELEQRAF
2022-ci ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsi davam edir. Ölkəmizin hüdudlarından çox da uzaqda olmayan bu müharibə nəticəsində yüz minlərlə insan həlak olub, milyonlarla insan qaçqın düşüb. Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra sülh danışıqları intensivləşməyə, çoxtərəfli və çoxplanlı forma almağa başlasa hələlik heç bir real nəticə əldə olunmayıb. Hərbi əməliyyatlar bu gün də davam edir.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev “Teleqraf” İnformasiya Agentliyi müharibənin gedişatı, mümkün atəşkəs və sülh təşəbbüsləri, rəsmi Bakının Kiyevə humanitar dəstəyi və s. məsələlərlə bağlı suallarını cavablandırıb. Diplomatla müsahibəni təqdim edirik.
- Artıq üç ildən çoxdur ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Bu müharibə Azərbaycanla Ukrayna arasındakı münasibətlərə necə təsir edir?
- Rusiyanın təcavüzü hələ 2014-cü ildə Krım Muxtar Respublikasının işğalı ilə başlamışdı. Donetsk, Luqansk vilayətlərində də hərbi əməliyyatlar o zamandan aparılırdı. 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı, əsassız müharibə isə beynəlxalq münasibətlərə və qlobal təhlükəsizliyə ciddi təsir göstərdi.
Ukrayna və Azərbaycan strateji tərəfdaş olaraq həmişə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib və dostluq münasibətlərini qoruyub. Genişmiqyaslı işğal başlayandan sonra isə bu dəstək daha da gücləndi. Azərbaycan Ukraynaya böyük həcmdə humanitar yardım göstərdi, müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan ukraynalılara dəstək oldu, həmçinin enerji təhlükəsizliyi sahəsində vacib məsələlərin həllinə kömək etdi. Ukrayna Prezident İlham Əliyevin və bütün Azərbaycan xalqının ərazi bütövlüyümüzün və suverenliyimizin dəstəkləməsini, eləcə də göstərilən yardım mövzusunda sərgilədiyi mövqeyi yüksək qiymətləndirir.
Ukrayna və Azərbaycan dərin tarixi əməkdaşlıq ənənələrinə malikdir və uzun illərdir ki, strateji tərəfdaşdırlar. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsində ciddi azalma müşahidə edilsə də, hazırda bu göstəricilər tədricən bərpa olunur və artır. Xüsusilə, nəqliyyat dəhlizlərinin inkişafı, enerji sahəsində əməkdaşlıq, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi yeni biznes imkanları, logistikanın inkişafı regional əməkdaşlıq üçün yeni perspektivlər açır.
İkitərəfli ticarətdə Ukraynanın Azərbaycana ixracının artımı davam edir. Ukrayna Dövlət Statistika Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar ayında ixrac 42,5% artaraq 19,8 milyon ABŞ dollarına çatıb. Yanvar-fevral aylarının yekunlarına əsasən, ixrac 37,8 milyon dollara yüksəlib. Eyni zamanda, Azərbaycandan Ukraynaya idxal 16,4% artaraq 29,5 milyon dollar (yanvar-fevralda – 48,6 milyon dollar) təşkil edib. Ümumilikdə, iki ölkə arasında ticarət dövriyyəsi yanvarda 25,8% artaraq 49,3 milyon dollara, iki ayın yekunlarına görə isə 86,4 milyon dollara çatıb.
Mədəni və təhsil əlaqələri də iki ölkə arasındakı münasibətlərin mühüm hissəsidir. Elm, incəsənət, idman və gənclər təşəbbüsləri sahəsində həyata keçirilən birgə layihələr strateji tərəfdaşlıq ənənələrimizi qorumağa və inkişaf etdirməyə kömək edir.
Ukrayna Azərbaycanın hərtərəfli dəstəyini yüksək qiymətləndirir və bunu beynəlxalq həmrəyliyin mühüm elementi kimi görür. Biz əminik ki, enerji, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi təkcə Ukraynada ədalətli sülhün bərqərar olmasına deyil, eyni zamanda Qara dəniz-Xəzər regionunda sabitliyin möhkəmlənməsinə də töhfə verəcək.
- Müharibə dövründə Azərbaycan Ukraynaya humanitar yardım göstərib. Ukraynanı dəstəkləyən digər postsovet ölkələri hansılardır?
- Azərbaycan Rusiyanın genişmiqyaslı işğalının başlanğıcından etibarən Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub. Xatırlatmaq istərdim ki, artıq 2022-ci ilin 27 və 28 fevral tarixlərində Bakıdan Ukraynaya ilk təyyarələr göndərilmişdi. Bu təyyarələrdə dərmanlar, tibbi avadanlıqlar və ərzaq məhsulları var idi.
Bu günə qədər Azərbaycanın Ukraynaya ayırdığı humanitar yardımın məbləği 41 milyon ABŞ dollarını ötüb. Bu çərçivədə 2025-ci ilin fevral ayında Ukraynaya daha bir humanitar yardım partiyası – 1 milyon dollar dəyərində Azərbaycan istehsalı olan elektrik transformatorları və kabel məhsulları çatdırılıb. Bu yardım Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamına əsasən təqdim edilib.
Biz Azərbaycana göstərdiyi dəstəyə görə səmimi qəlbdən minnətdarıq. Bu dəstək təkcə humanitar yardım göndərilməsindən ibarət deyil, həm də işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə kömək göstərilməsini əhatə edir.
Xüsusilə vurğulamaq istəyirəm ki, Ukraynaya Azərbaycan vətəndaşları və biznes nümayəndələri də yardım göndərib. Biz Azərbaycan rəhbərliyinin və xalqının Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndiririk və bunu heç vaxt unutmayacağıq.
Sizin digər postsovet ölkələrinin dəstəyi ilə bağlı sualınıza cavab olaraq qeyd etmək istərdim ki, NATO üzvü olan Litva, Estoniya və Latviya Ukraynaya əhəmiyyətli dəstək göstərir. Biz həmçinin Moldovaya köməyə və dəstəyə görə çox minnətdarıq. Bundan əlavə, digər postsovet ölkələrinin xalqları da bizimlə həmrəylik nümayiş etdirir və anlayırlar ki, Ukrayna öz xalqını, torpağını, azadlıq və müstəqillik hüququnu müdafiə edir.
- ABŞ Prezidenti Donald Tramp bildirib ki, sülh naminə Ukrayna ərazi güzəştlərinə getməlidir. Bu məsələyə Kiyevin mövqeyi necədir?
- Ukrayna istənilən ərazi güzəştlərini qəti şəkildə rədd edir. Biz Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək cəhdini tanımırıq və konstitusiyamıza, suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olan heç bir razılaşmaya getməyəcəyik. Prezidentimiz Volodimir Zelenski dəfələrlə vurğulayıb ki, BMT Nizamnaməsinə açıq istinad etməyən və Ukraynanın ərazi bütövlüyünün tam bərpasını təmin etməyən hər hansı təşəbbüs qəbuledilməzdir. Belə təkliflər sadəcə dialoq illüziyası yaradır, halbuki Rusiya cinayətkar təcavüzünü davam etdirir.
Biz diplomatiyaya açığıq, amma yalnız ədalətli və uzunmüddətli sülhə gətirən diplomatiyaya. Rusiya ilə aparılan 200-dən çox danışıqlar raundu, o cümlədən Normandiya formatı 24 fevral 2022-ci ildə genişmiqyaslı işğalın qarşısını ala bilmədi. Rusiya ilə imzalanmış razılaşmalar dəfələrlə onun tərəfindən pozulub, buna görə də bizə real təhlükəsizlik təminatları lazımdır.
Ukrayna müharibənin tezliklə bitməsində maraqlıdır və bunun üçün çalışır. Lakin bu yolda ilk addımlar əsirlərin mübadiləsi, mülki infrastruktura raket hücumlarının dayandırılması və dəniz yollarının blokadasının aradan qaldırılması olmalıdır. Əgər Rusiya doğrudan da sülh istəyirsə, bu addımları dərhal ata bilər. Bunun əvəzinə isə Moskva prosesi ləngidərək təcavüzü davam etdirmək üçün yeni bəhanələr uydurur.
Ukraynanın mövqeyi dəyişməz qalır: biz suverenliyimiz və ərazi bütövlüyümüz hesabına heç bir razılaşmanı qəbul etməyəcəyik. Ukrayna öz taleyini özü müəyyən edəcək və ölkəmizin iştirakı olmadan əldə edilən heç bir razılaşma real gücə malik olmayacaq.
- Sizcə, hazırkı məhdud atəşkəsin perspektivi varmı və bu, müharibənin dayandırılmasına doğru bir addım ola bilərmi?
- Ukrayna digər heç bir ölkə kimi, müharibənin tezliklə bitməsində və hərtərəfli, ədalətli və davamlı sülhün əldə olunmasında maraqlıdır. Məhz buna görə də biz ABŞ-nin müvəqqəti atəşkəs təklifini dəstəklədik. Lakin Rusiya hələ də dinc şəhərlərimizi atəşə tutur və müharibəni bitirmək yox, onu uzatmaq məqsədi daşıyan şərtlər irəli sürür.
Bir neçə gün əvvəl Prezidentimiz Volodimir Zelenski vurğuladı: “Tərəfdaşlarımız anlamalıdır ki, Rusiya hücumları təkcə bizim insanlara qarşı deyil, həm də müharibəni bitirmək üçün göstərdiyimiz beynəlxalq diplomatik səylərə qarşı yönəldib”.
Rusiya rəhbərliyi dünya ictimaiyyətinə açıq şəkildə müharibəni davam etdirmək istədiyini deməyə çəkinir. Buna görə də Moskva atəşkəs ideyasını ya qeyri-mümkün edir, ya da qeyri-müəyyən müddətə təxirə salır.
Bu müharibənin əsas səbəbi Rusiya rəhbərliyinin Ukraynanın mövcudluq hüququnu inkar etməsi və millətimizi məhv etməyə çalışmasıdır. Rusiyanın əsas məqsədi bütün Ukraynanı ələ keçirməkdir. Moskva yeni sərhədlər müəyyən etmək, nüfuz dairələri yaratmaq və əslində yeni “Yalta sazişləri” formalaşdırmaq istəyir.
Bununla yanaşı, Rusiya sülhə hazırlaşmır - o, hərbi istehsalı gücləndirir, ordusunun sayını 150 000 nəfər artırır və 12-15 yeni diviziya formalaşdırır. Artıq bu qüvvələrin bir hissəsi Belarusda, Ukrayna sərhədi yaxınlığında təlimlər üçün hazırlanır ki, bu da yeni hücum əməliyyatlarına hazırlıq deməkdir. 2025-ci ildə Kreml itkiləri kompensasiya etmək üçün daha 280 000 nəfəri səfərbər etməyi planlaşdırır.
Ukrayna təkcə özünü müdafiə etmir – biz milyonluq Rusiya ordusunu dayandırırıq. Rusiyanın 220 döyüş briqadası var, Ukraynanın – 110, bütün Avropanın isə cəmi 80. Ukrayna olmasa, Avropa təhlükə altında qalacaq. Kreml ballistik və qanadlı raketlərin, idarə olunan hava bombalarının və zərbə dronlarının istehsalını əhəmiyyətli dərəcədə artırıb.
Əgər Rusiya həqiqətən sülh istəyirsə, o, Ukraynaya gündəlik hücumları dərhal dayandırmalıdır, müharibəni davam etdirmək üçün yeni bəhanələr axtarmamalıdır. 2024-cü il noyabrın 21-də Rusiya ilk dəfə Ukraynaya qarşı orta mənzilli ballistik raketdən istifadə etdi və bundan əvvəl Şimali Koreya hərbçilərini müharibəyə cəlb etdi. Bu, Kremlin eskalasiyanı şüurlu şəkildə seçdiyini sübut edir.
Beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəyi xeyriyyəçilik deyil – bu, bütövlükdə Avroatlantik təhlükəsizlik sistemi və dünya sülhü üçün ən yaxşı investisiyadır.
- Cənab səfir, Ər- Riyadda Ukrayna və ABŞ arasında, eləcə də ABŞ və Rusiya arasında keçirilən görüşlərin nəticələri necədir? Konkret razılaşmalar əldə edilibmi və Ukrayna bu prosesdə Rusiyanın mövqeyini necə qiymətləndirir?
- Ukrayna və ABŞ komandaları Ər-Riyadda konstruktiv işləyərək Qara dənizdə gəmiçiliyin azadlığının təmin edilməsi və enerji obyektlərinə hücumların dayandırılması sahəsində mühüm nəticələr əldə ediblər. Biz bu razılaşmaları ABŞ və Avropa tərəfdaşlarımızla birlikdə yerinə yetirmək niyyətindəyik.
Təəssüf ki, artıq indidən Rusiyanın vəziyyəti manipulyasiya etməyə və arzuladığını reallıq kimi təqdim etməyə çalışdığını görürük. Kreml bu razılaşmaları sanksiyaların qaldırılması ilə əlaqələndirməyə cəhd edir, lakin bu, yalnız Rusiyanın ritorikasıdır və ABŞ-nin rəsmi bəyanatlarında heç bir təsdiqini tapmır.
Biz Rusiyanın sözlərinə yox, yalnız hərəkətlərinə etibar edirik. Qarşıdakı günlər və həftələr Moskvanın həqiqətən sülhə hazır olub-olmadığını və ya beynəlxalq ictimaiyyəti yenidən aldatmağa cəhd etdiyini göstərəcək. Rusiyanın manipulyasiyalarına qarşı yeganə təsirli vasitə təzyiqdir və Ukrayna tərəfdaşları ilə birlikdə öhdəliklərin yerinə yetirilməsinə nail olmağa davam edəcək.
Ukrayna və ABŞ enerji obyektlərinə hücumların dayandırılması və Qara dənizdə təhlükəsizlik rejiminin yaradılması barədə açıq şəkildə razılığa gəliblər. Lakin biz bunu Rusiya hərbi gəmiləri üçün bir növ icazə kimi qəbul etmirik. Əgər Rusiya hərbi gəmiləri bizim sərhəd sularımızı pozarsa, Ukrayna özünü müdafiə edəcək.
Bundan əlavə, biz görürük ki, Rusiya tərəfi bu razılaşmaları Qara dəniz taxıl təşəbbüsünün bərpası kimi təqdim etməyə çalışır. Bu, həqiqətə uyğun deyil. Heç bir gəmi yoxlaması nəzərdə tutulmur və Rusiya donanmasının Qara dənizin şərq hissəsindən kənara çıxmaq hüququ yoxdur.
Biz başa düşürük ki, Kreml rəhbərliyi sonadək dünyaya öz şərtlərini qəbul etdirməyə çalışacaq. Lakin Ukraynanın mövqeyi dəyişməzdir: heç bir razılaşma bizim suverenliyimizi təhlükə altına qoya bilməz. Biz ABŞ ilə razılaşmaların icrasına nəzarət mexanizmləri üzrə danışıqları davam etdiririk və tərəfdaşlarımızın bundan sonra da bizə dəstək olacağına ümid edirik.
- Ukrayna öz ərazisinin 18%-ni itirib, lakin Prezident Zelenski bildirib ki, heç bir ərazi güzəştinə getməyəcək. Bu halda, Ukrayna işğal olunmuş əraziləri necə qaytarmağı planlaşdırır?
- Ukrayna, bunu xüsusi vurğulamaq istəyirəm ki, bəzi əraziləri üzərində nəzarətini müvəqqəti olaraq itirib və bu ərazilər müvəqqəti işğal altındadır. Biz həmin ərazilər üzərində nəzarətin bərpası üçün diplomatik, iqtisadi və hərbi səylərimizi davam etdiririk. Həm Ukrayna konstitusiyasına, həm də beynəlxalq hüquqa əsasən, bu ərazilər Ukraynaya məxsusdur. Hazırda müdafiə qabiliyyətimizi gücləndirmək, Rusiyaya beynəlxalq təzyiqləri artırmaq və onu təcavüzünə görə məsuliyyətə cəlb etmək istiqamətində iş aparılır.
Milyonlarla Ukrayna vətəndaşı hazırda müvəqqəti işğal olunmuş ərazilərdə repressiyalara, zorla ruslaşdırmaya və əsas hüquq və azadlıqlarının pozulmasına məruz qalır.
Bundan əlavə, Rusiya hakimiyyəti uşaqların ukrayna dilində təhsil almasını məhdudlaşdırır, Ukrayna vətəndaşlarını zorla Rusiya ordusuna cəlb edir, kütləvi deportasiyalar həyata keçirir və işğal olunmuş ərazilərdə etnik tərkibi dəyişməyə çalışır.
Bu şəraitdə Ukrayna bütün ərazilərinin azad edilməsi və vətəndaşlarının müdafiəsi uğrunda mübarizəni davam etdirir. Biz beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiqləri artırmağa, yeni sanksiyalar tətbiq etməyə və humanitar missiyaların işğal olunmuş bölgələrə girişini təmin etməyə çağırırıq.
Ukrayna təkcə öz ərazi bütövlüyü uğrunda deyil, həm də beynəlxalq hüquq prinsipləri naminə mübarizə aparır və biz ədalət tam bərpa olunana qədər bu mübarizəni davam etdirəcəyik.
- Moskvanın bəyanatlarına görə, müharibənin başlanma səbəblərindən biri Ukraynanın NATO-ya üzv olmaq istəyi olub. Lakin hazırda bir çox Qərb ölkəsi Ukraynanın Alyansa qoşulmasını istəmir. Sizcə, bunun səbəbi Rusiyadan qorxmaqdır, yoxsa başqa amillər də var?
- Ukrayna NATO-ya üzvlüyü ən etibarlı və effektiv təhlükəsizlik zəmanəti hesab edir. Ukrayna demokratik dövlətdir və Avroatlantik məkanı, eləcə də ortaq dəyərlərimizi qorumaq qabiliyyətini sübut edib. Uzun illərdir ki, Rusiya Ukraynanın NATO-ya üzv olmamasından yaranan geosiyasi qeyri-müəyyənlikdən istifadə edib.
Hazırda Ukraynanın NATO-ya dərhal dəvət olunması həlledici amil ola bilər. Təbii ki, üzvlük prosesi müəyyən vaxt tələb edir, lakin Finlandiya və İsveçin nümunəsi göstərdi ki, NATO bu gün təhlükəsizliyin təmin olunması üçün əsas mexanizmdir.
Biz əminik ki, Ukraynanın NATO-ya dəvət edilməsi müharibənin başa çatması və ədalətli sülhün bərqərar olması üçün ən güclü arqumentlərdən biridir.
- Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının (KSQOT) platformasında fəal mövqe tutur. Bildiyimizə görə, Ukrayna yenidən Təşkilatın İcraiyyə Şurasına namizədliyini irəli sürüb. Bu qərarın səbəbi nədir?
- Bəli, doğrudur. KSQOT-un (Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı) İcraiyyə Şurasının 108-ci iclası zamanı Ukrayna yenidən öz namizədliyini irəli sürüb. Bu məsələyə dair seçkilər 24-28 noyabr tarixlərində Haaqada keçiriləcək Kimyəvi Silahların Qadağan Olunması Konvensiyasına üzv dövlətlərin 30-cu konfransı çərçivəsində baş tutacaq.
Ukraynanın namizədliyini yenidən irəli sürməsinin əsas səbəbi beynəlxalq ictimaiyyəti mütəmadi olaraq Putin rejimi tərəfindən Ukrayna və onun xalqına qarşı törədilən hərbi cinayətlər barədə məlumatlandırmaqdır.
Xüsusilə, Ukrayna Müdafiə Qüvvələrinə qarşı qadağan olunmuş kimyəvi maddələrin tətbiqi məsələsi gündəmdədir. Bu isə Kimyəvi Silahların Qadağan Olunması Konvensiyasının 1-ci maddəsinin 5-ci bəndinin kobud şəkildə pozulması deməkdir.
Məhz buna görə biz strateji tərəfdaşlarımızı və dost ölkələri Ukraynanın namizədliyini dəstəkləməyə, eləcə də İcraiyyə Şurasına öz namizədliklərini irəli sürməyə çağırırıq. Bu, Ukraynaya qarşı kimyəvi silah tətbiq etməklə törədilən hərbi cinayətlərin dərhal dayandırılmasına nail olmasına kömək edəcək.
- Müharibə zamanı Türkiyə Ukraynaya humanitar yardım göstərib və bir neçə dəfə Rusiya ilə Kiyev arasında vasitəçilik edib. Sizcə, Türkiyə bu münaqişədə gələcəkdə hansı rolu oynayacaq?
- Türkiyənin və Ukraynanın digər strateji tərəfdaşlarının ədalətli sülhün əldə edilməsi və Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması məsələsində rolu son dərəcə vacibdir. Türkiyə Avropa qitəsində ən böyük ordulardan birinə və NATO-da ikinci ən böyük orduya sahibdir. Türkiyənin diplomatik təşəbbüsləri, məsələn, 2022-ci ildə Qara dənizdə “taxıl dəhlizinin” yaradılması, Qara dəniz regionunda ədalətli sülhün əldə olunmasına yönəlmiş konkret addımları nümayiş etdirir. Fikrimcə, gələcəkdə Ankara və digər strateji tərəfdaşlarımız ədalətli və hərtərəfli sülh danışıqlarında mühüm rol oynaya bilər və Ukrayna, həmçinin region üçün təhlükəsizlik zəmanəti verən əsas tərəfdaşlar ola bilər.
- Yəqin ki, sizin qohumlardan da döyüşlərdə iştirak edənlər var. Müharibə zamanı yaxınlarınızı itirmisinizmi?
- Bütün ukraynalı ailələr, bizim ailəmiz də daxil olmaqla, bu müharibədə kimisə itirib — yaxınlarını, dostlarını, tanışlarını. Məsələn, mənim əmim oğlu müharibə zamanı yaralanıb, şükürlər olsun, sağ qalıb, amma əlil qalıb.
Ukrayna öz azadlığı və bütün Avropanın azadlığı uğrunda inanılmaz dərəcədə yüksək bir fədakarlıq edir. Hər bir itki — bu, bizimlə əbədi qalacaq bir ağrıdır. Biz qəhrəmanlarımızı, o cümlədən ədalət və müstəqilliyimiz uğrunda həyatını qurban vermiş çoxsaylı azərbaycanlıları unutmuruq və onları hörmətlə yad edirik. Bakıdakı Ukrayna səfirliyinin divarında qəhrəmanların şəkilləri ilə “Yaddaş divarı” var, burada tədbirlər keçiririk və davamlı olaraq insanlar çiçəklərlə bura gəlirlər. Ukrayna uğrunda həlak olanların ruhu şad olsun!