
BAKI, 2 aprel. TELEQRAF
Bakıda Azərbaycan Gimnastika Federasiyasının (AGF) təşkilatçılığı ilə UNESCO-nun himayədarlığı altında FIG “Gimnastika hamı üçün” kollokviumunun açılış mərasimi keçirilib.
AGF-nin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, üç gün davam edəcək tədbirdə beynəlxalq ekspertlər, məşqçilər və gimnastika həvəskarları bir araya gələrək təcrübə mübadiləsi aparacaq, müasir inkişaf strategiyalarını müzakirə edəcəklər.
Tədbirdə idmanın cəmiyyətə inteqrasiyası, sağlam həyat tərzinin təbliği və gimnastikanın daha geniş auditoriya üçün əlçatan olması kimi mövzulara diqqət yetiriləcək. 39 ölkədən 52 nümayəndənin iştirak etdiyi toplantı bu növ üzrə ölkəmizdə keçirilən ilk kollokviumdur.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda 2013-ci ildən inkişaf etdirilən gimnastikanın hazırda Bakıda və regionlarda sürətlə yayıldığını, keçirilən “Challange” tədbirlərini xüsusi vurğulayıb. Həmçinin nazir kollokvium çərçivəsində Azərbaycana səfər edən Beynəlxalq Gimnastika Federasiyasının “Gimnastika hamı üçün” növü üzrə komitə sədri Rogerio Valerio ilə görüş zamanı gimnastikanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsini müzakirə edib.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Seymur Fətəliyev gimnastikanın inklüziv və əhatəli inkişafının vacibliyini vurğulayıb. Bu tədbirin təşkil edilməsinin gimnastikanın daha geniş kütlələrə yayılmasına və sağlam həyat tərzinin təşviqinə geniş imkanlar açdığını bildirib. Həmçinin o, bu kollokvium çərçivəsində aparılan müzakirələrin və mübadilə edilən təcrübələrin gimnastikanın qlobal səviyyədə daha geniş yayılmasına və idmanın hər kəs üçün əlçatan olmasına mühüm töhfə verdiyini, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının hər zaman idmanın inkişafı ilə bağlı layihələrə dəstək verməyə hazır olduğunu qeyd edib.
AGF-nin baş katibi Fatimə Şəfizadə də çıxışı zamanı kollokvium müddətində keçiriləcək seminarların və müzakirələrin bu gimnastika növünün gələcək inkişafı üçün vacibliyini vurğulayıb.