
BAKI, 4 mart. TELEQRAF
Ukrayna ABŞ yardımının dayandırılmasının nəticələrini dərhal hiss etməyəcək, amma bu, çox ciddi olacaq və mövcud duruma olduqca təsir göstərəcək.
Teleqraf xəbər verir ki, bunu məsələ ilə tanış olan bir ABŞ rəsmisi CNN-ə deyib.
Rəsmi qeyd edib ki, ABŞ-nin hərbi yardımının dayandırılmasının cəbhə xəttində hiss olunması üçün bir müddət - bəlkə də günlər və ya həftələr lazımdır. Bununla belə, onun sözlərinə görə, Ukraynanın təchizatı tükənməyə başladıqdan sonra digər ölkələr bu itkiləri ödəməyə çalışsalar belə, təsir ciddi olacaq.
“Avropanın təkbaşına doldura bilməyəcəyi potensial boşluq var”, - Amerika rəsmisi söyləyib.
ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Kansianın fikrincə, Ukrayna Amerika yardımının dayandırmasının nəticələrini iki-dörd ay ərzində hiss edəcək, Avropa ölkələrinin yardımı Kiyevə hələlik mübarizədə qalmağa kömək edəcək. Həmçinin o, nəticələrin dağıdıcı olacağı barədə Ukraynaya xəbərdarlıq edib.
“Təchizat yarıya enəndə, bu, son nəticədə cəbhə xəttinə təsir göstərəcək. Cəbhə xətti əyilməyə başlayacaq, nəhayət, qırılacaq və Ukrayna əlverişsiz, hətta fəlakətli sülh sazişini qəbul etməli olacaq”, - Kansian deyib.
Analitik xəbərdarlıq edib ki, Tramp administrasiyasının Ukraynaya kəşfiyyat məlumatlarının mübadiləsi və Ukrayna qoşunlarının təlimi də daxil olmaqla, dayandırıla və ya tamamilə ləğv edilə bilən digər yardım formaları da var: “Bəlkə də bundan çıxış yolu var, amma bu, Zelenski üçün son dərəcə alçaldıcı olacaq”.
Xatırladaq ki, bundan əvvəl “Reuters” və “Bloomberg” agentlikləri ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımın dayandırılması barədə göstəriş verdiyi barədə məlumat yayıb.