
BAKI, 2 mart. TELEQRAF
"Fransa prezidenti Emmanuel Makron Rusiya ilə dialoqa hazır olduğunu bəyan etsə də Vladimir Putinlə əlaqə saxlamaq üçün hələlik real addım atmayıb".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalına açıqlamasında bildirib.
"O, əvvəllər Putinlə əlaqə saxlamağa hazır olduğunu demişdi. Lakin bu istiqamətdə real addımlar atılmayıb", - Peskov qeyd edib.
Kreml nümayəndəsi vurğulayıb ki, Fransa müharibənin istənilən vasitə ilə davam etdirilməsinin tərəfdarıdır:
"Avropalıların Amerika administrasiyası ilə təmaslarından sonra və “Rusiya-Amerika münasibətlərində qəfil yaranan dinamika” kontekstində onların mövqeyinin konkret olaraq necə dəyişəcəyi bəlli olacaq".
Qeyd edək ki, Makron Fransa mətbuatına müsahibəsində rusiyalı həmkarı ilə dialoqun bərpa oluna biləcəyini istisna etmədiyini bildirmişdi.